Prezident İlham Əliyev Gəncədə yarımstansiyanın açılışında iştirak edib

Prezident İlham Əliyev Gəncədə yarımstansiyanın açılışında iştirak edib
# 17 fevral 2016 13:19 (UTC +04:00)

Bakı - APA-Economics. Prezident İlham Əliyev Gəncəyə səfəri çərçivəsində 35/6 kV-luq “Nizami” yarımstansiyasının açılışında iştirak edib.

"APA-Economics" xəbər verir ki, ölkə başçısına məlumat verilib ki, Gəncənin böyük bir hissəsinin elektrik təchizatının yaxşılaşdırılması, eləcə də ərazidə elektrik enerjisinə artan tələbatın ödənilməsi, 35 kV-luq elektrik şəbəkələri ilə əlaqələndirilməsi məqsədilə 35/6 kV-luq “Üzgüçülük” yarımstansiyanın yerində müasir tipli tam qapalı 35/6 kV-luq 2x10 MVA gücündə yeni “Nizami” yarımstansiyası tikilib. Yarımstansiyanın tikintisinə 2015-ci ilin aprelində başlanılıb. Yeni yarımstansiya 6 mindən çox abonentin elektrik enerjisi ilə təminatını daha da yaxşılaşdıracaq. Ümumi sahəsi 1700 kvadratmetr olan yarımstansiyada 35/6 kilovoltluq 10 MVA gücündə iki transformator və 35/6 kilovoltluq Almaniya istehsalı olan avadanlıq quraşdırılıb.

Burada həm də Gəncə Şəhər Elektrik Şəbəkəsinin inzibati binası yerləşir. Yarımstansiyada və inzibati binada 80-ə yaxın işçi çalışacaq.

Prezident İlham Əliyev yarımstansiyanı işə salıb.

Qeyd olunub ki, yeni yarımstansiya şəhərin mərkəzi hissəsində mövcud elektrik yüklərinin, eləcə də perspektivdə on il ərzində yaranacaq yüklərin qarşılanmasını təmin edəcək. Yeni yarımstansiya şəhərin ən mühüm obyektlərini və 2300-dən çox olan əhali sektorunu elektrik enerjisi ilə təmin edəcək. Yarımstansiyanın tikintisi və Gəncə şəhərində 3 ədəd 110 kV-luq “Az.KTA”, “Gəncə-1” və “Bağmanlar” yarımstansiyaları arası 35 kV-luq elektrik şəbəkələri vasitəsi ilə əlaqələndirilməsi 35 kV-luq dairəvi elektrik təchizat sxeminin yaradılmasına səbəb olub. Bu da öz növbəsində şəhərin mərkəzi hissəsinin elektrik təchizatının dayanıqlılığını və etibarlılığını təmin edəcək. Yarımstansiya müasir standartlara cavab verən avadanlıq, eleqaz və vakkuum tipli açarlarla təchiz edilməsi ilə yanaşı, məsafədən idarə olunan SCADA dispetçer sisteminə qoşulub. Yarımstansiyada xaricdə və yerli müəssisələrdə istehsal olunan elektrik avadanlığı, müasir elektron tipli rele mühafizəsi və avtomatika sistemi, respublikada istehsal olunmuş güc transformatorları quraşdırılıb. Burada şəbəkə işçiləri və növbətçi heyət üçün müvafiq otaqlar inşa edilib, yanğına qarşı xəbərdarlıq sistemi, yanğından mühafizə hovuzları yaradılıb. Gəncənin qədim şəhərsalma ənənəsinə uyğun olaraq tikilən yarımstansiyanın birinci mərtəbəsi kərpicdən olmaqla xüsusi memarlıq üslubunda inşa edilib. İnşaat işləri zamanı 900 metr uzunluğunda asfalt yol salınıb, ətraf abadlaşdırılıb, yaşıllıq zolaqları yaradılıb.

Diqqətə çatdırıldı ki, regionda gedən yenidənqurma işlərinə uyğun olaraq, müvafiq şəbəkədə çalışan kadrların təkmilləşdirilməsi, onların ixtisasının artırılması və yenidən hazırlanması üzrə fəaliyyəti təmin etmək məqsədilə Gəncədə yeni tikilmiş “Nizami” yarımstansiyasında “Azərişıq” ASC-nin Qərb Regional Tədris Mərkəzi yaradılıb. Mərkəzdə 6/0,4 kV-luq paylayıcı sistem, rele mühafizəsi və avtomatika, əməyin mühafizəsi və təhlükəsizlik texnikası, uçota nəzarət sayğaclarının test və idarəetmə sistemləri, kabel armaturlarının quraşdırılması, istismarı və təmiri, elektrik avadanlığının sınağı və diaqnostikası, digər təcrübə bölmələri var. Tədris Mərkəzi elektroenergetikanın 20-dən artıq müxtəlif ixtisas sahələrini əhatə edən yeni dərs vəsaitləri, eləcə də şəbəkəyə tətbiq olunan müasir avadanlığın xarakteristikası və iş prinsipi üzrə metodik praktikumlarla təmin olunub. Yeni yaradılan Tədris Mərkəzindən qərb regionu ilə yanaşı, şimal-qərb və Mərkəzi Aran regionlarının əməkdaşları da yararlana biləcəklər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR