Venesuela, Rusiya, Səudiyyə Ərəbistanı və Qətər neftə dair görüş keçirəcəklər

Venesuela, Rusiya, Səudiyyə Ərəbistanı və Qətər neftə dair görüş keçirəcəklər
# 26 fevral 2016 02:08 (UTC +04:00)

Bakı-APA. Venesuela, Rusiya, Səudiyyə Ərəbistanı və Qətər neft bazarında balansın bərpa edilməsi strategiyasının müəyyənləşdirilməsinə dair martda danışıqların aparılması ilə bağlı razılığa gəliblər. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bunu Venesuelanın neft naziri Euloxio del Pino “Telesur” telekanalına müsahibəsində bildirib.

Onun sözlərinə görə, hazırda görüşün konkret tarixi və keçiriləcək yeri barədə danışıqlar aparılır.

O əlavə edib ki, hasilatın “dondurulması” təşəbbüsü cavab tədbirdir: “Bu vasitə ilə bazarı balanslaşdırmaq mümkündür. Biz hazırkı qiymətlərlə nefti bazara çıxarmaq imkanına malik deyilik. Əgər davam etsək qiymətlər aşağı düşəcək və hasilat dayandırılacaq. Bunun qarşısını almaq üçün ilk addımı atmağa qərar verdik”, deyə nazir bildirib.

Qeyd edək ki, bir müddət əvvəl Qətərin paytaxtı Dohada Rusiya, Səudiyyə Ərəbistanı, Qətər və Venesuelanın energetika nazirləri, digər istehsalçıların təşəbbüsə qoşulacağı təqdirdə, 2016-cı ildə neft hasilatı həcminin, orta hesabla, yanvar ayı səviyyəsində dondurulmasına dair ilkin razılığa gəliblər. İran bu ideyanı dəstəklədiyini bildirib. Lakin sonradan Səudiyyə Ərəbistanı neft hasilatını azaltmaqdan imtina edib. “Səudiyyə Ərəbistanı neft hasilatını azaltmağa hazır deyil”, - Səudiyyə Ərəbistanının XİN rəhbəri Adil Əl Cübeyr bildirib.

Ekvador, Əlcəzair, Nigeriya, Oman, Küveyt və BƏƏ nefti hasilatının “dondurulması”na razılıq veriblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR