Azərbaycan prezidenti: "Bizim Ermənistandan başqa heç bir qonşu ölkə ilə problemimiz yoxdur"

Azərbaycan prezidenti: "Bizim Ermənistandan başqa heç bir qonşu ölkə ilə problemimiz yoxdur"
# 09 aprel 2016 23:48 (UTC +04:00)

Bakı-APA. “Şimal-Cənub nəqliyyat dəhlizinin yaradılması üçün çox fəal işləmişik. Bu dəhlizin yaradılması üçün Azərbaycan-İran-Rusiya üçtərəfli əməkdaşlığı əsas şərtdir”. APA-nın məlumatına görə, bunu Azərbaycan prezidenti İlham Əliyev ötən gün Nazirlər Kabinetinin 2016-cı ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında deyib.

“Həm İran Prezidenti, həm Rusiya Prezidenti ilə görüşlərdə bu məsələlər mənim tərəfimdən qaldırılıb, müzakirə edilib və deyə bilərəm ki, burada ümumi razılıq var. Bu nəqliyyat dəhlizi həm iqtisadi cəhətdən, həm təhlükəsizlik, həm turizm baxımından bizə çox lazımdır. Beləliklə, biz digər böyük ölkələr üçün öz tranzit imkanlarımızı təqdim edəcəyik və Azərbaycan xəzinəsi, büdcəsi bundan çox böyük iqtisadi mənfəət götürəcək. Çünki bu, nəinki üç ölkə arasında olan və ola biləcək ticarəti sürətləndirəcək, eyni zamanda, Pakistan, Hindistan, Şimali Avropa ölkələri bu dəhliz vasitəsilə birləşəcəklər və bizim ərazimizdən keçən yüklərin həcmi böyük dərəcədə artacaq”, - deyə prezident qeyd edib.

"Şərq-Qərb nəqliyyat dəhlizinin yaradılması üçün bütün işlər görülür. Biz burada da yenə də üçtərəfli, amma digər formatda işləyirik - Azərbaycan-Gürcüstan-Türkiyə formatında. Mənim keçən ilin sonunda Gürcüstana, bu il Türkiyəyə səfərlərim bu dəhlizin yaradılması üçün çox faydalı olmuşdur. Baxın, Azərbaycan yenə də iki dəhlizin ortasındadır. Əgər bizim qonşu ölkələrlə çox müsbət dostluq, tərəfdaşlıq əsasında qurulmuş münasibətlərimiz olmasaydı, bu layihələrin heç biri reallaşmazdı. Mən həmişə demişəm ki, qonşularla münasibətlərimiz bizim üçün çox önəmlidir. Bizim Ermənistandan başqa heç bir qonşu ölkə ilə problemimiz yoxdur. Əksinə, bizim qonşularla əlaqələrimiz gündən-günə artır, güclənir və bu, həm təhlükəsizlik, həm sabitlik, iqtisadi inkişaf, əməkdaşlıq üçün əsas şərtdir. Bir daha demək istəyirəm ki, Azərbaycanın bu sahədə oynadığı rol yüksək qiymətləndirilir və artıq gözəl nəticələr var", - deyə ölkə başçısı vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR