Ölkə ərazisində kontrast seysmogeodinamik şərait davam edir

Ölkə ərazisində kontrast seysmogeodinamik şərait davam edir
# 17 fevral 2016 10:34 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. Respublika ərazisi və ona qonşu seysmoaktiv zonaların seysmogeodinamik şəraitində əsaslı regional geodinamik dəyişikliklər müşahidə olunmayıb.

APA-nın xəbərinə görə, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin bülletenində bildirilib. Bülletendə qeyd olunub ki, regional planda Şərqi Qafqaz tamamilə sıxılma-gərginlik deformasiya proseslərinin təsiri altında olub: “Dinamik proseslərin kontrast və intensiv inkişafı əsasən, Böyük Qafqaz və onun Xəzər dənizinə batımında formalaşıb. Azərbaycan ərazisində əsas geodinamik proseslər Mərkəzi Xəzər, Abşeron perklinalı və qismən də Qazax, Ərdəbil və Lerik-Lənkəran seysmoaktiv zonalarında müşahidə olunur. Sıxılma strukturunun mərkəzi bilavasitə Abşeron-Balxanyanı və Şabran-Siyəzən qırışıqlıq sistemi ilə əlaqədar olub. Burada gərginliyin qiyməti Ksıx.=0,966-0,972 ş.v. intervalında dəyişir ki, bu da seysmoaktiv zonaların ərazisində yerləşən zəlzələlərin baş vermə ehtimalını xeyli yüksəldir. Struktur ortoqonal istiqamətli olduğundan onun şimal-şərq qanadında yerləşən Orta Xəzər və Siyəzən-Qusar seysmoaktiv zonaları risk bölgəsi kimi proqnozlaşdırılır. Ölkənin digər qalan əraziləri nisbi seysmik stabil zona kimi dəyərləndirilir. Yalnız qərb bölgəsində Tovuz-Gəncə seysmoaktiv zonası nisbətən yüksək intensivlikli lokal sıxılma strukturu olaraq qalır. İlin əvvəlindən geodinamik proseslərin trendində monoton artım nəzərə çarpır. Ölkə ərazisinin seysmotektonik rayonlaşdırma xəritəsinin hidroseysmoloji məlumatlarla korrelyativ təhlili göstərir ki, Azərbaycan ərazisinin Arpa-Samur dərinlik qırılmasından cənub-şərq regionları praktik olaraq vahid geodinamik struktur kimi təhlil edilir və bu strukturun Xəzər akvatoriyası daha intensiv proseslərin təsirinə məruz qalır. Bu şərt daxilində klassik zəlzələlərin məhz Şərqi Qafqaz və Abşeron periklinalında baş verməsi ehtimalı yüksək dəyərləndirilir”.

Bülletendə o da qeyd olunub ki, ümumən ölkə ərazisində kontrast seysmogeodinamik şərait davam edir və qonşu İran və Türkiyə seysmoaktiv regionlarında baş vermiş zəlzələlər Qafqaz-Anadolu-Zaqros seysmodinamik poliqonunda yeni geodinamik şəraitin formalaşdığını şərtləndirir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR