Pensiyaçıların kreditləşməsinə qoyulan qadağanın fəsadları - TƏHLİL

Pensiyaçıların kreditləşməsinə qoyulan qadağanın fəsadları - <span style="color: red;">TƏHLİL
# 29 aprel 2016 14:08 (UTC +04:00)

Yenicə fəaliyyətə başlayan Maliyyə Bazarlarına Nəzarət Palatasının ikinci qərarı da qadağaya əsaslandı. Təbii ki, qadağa kredit təşkilatlarına (bank və bank olmayan kredit təşkilatlarına) tətbiq olunub. Palatanın Direktorlar Şurasının sədri Rüfət Aslanlı kredit təşkilatlarının rəhbərləri ilə görüşündə onlara pensiyaçılara kreditlərin verilməməsi ilə bağlı öz tövsiyələrini verib. Rüfət bəy hesab edir ki, pensiyaçıların sosial durumu onlara kreditlərini vaxtlı-vaxtında ödəməyə imkan vermir.

Başlayaq ondan ki, bank sektoruna nəzarət Mərkəzi Bankda olduğu müddət ərzində də tənzimləyici orqan tərəfindən verilən tövsiyələr qeyd-şərtsiz olaraq qərar kimi qəbul olunur və icra edilirdi. Heç şübhəsiz, Rüfət Aslanlının tövsiyəsi banklar tərəfindən qərar kimi qəbul olunub. Belə olmasaydı, pensiyaçıların kreditləşməsi ilə məşğul olan bankların hamısı "tövsiyə"dən dərhal sonra qapılarını ahılların üzünə bağlamazdı. Düzdür, həmin banklar bu qərardan narazıdır, lakin etiraf edirlər ki, axına qarşı üzmək hər mənada təhlükəlidir.

Maraqlı bir məqam da ondan ibarətdir ki, Maliyyə Bazarlarına Nəzarət Palatası dünyada bir ilkə imza atdı. Bilənlər bilir, bilməyənlər üçün isə deyim ki, dünya praktikasında təqaüdçülərə kreditlərin verilməsinin dayandırılması ilə bağlı hallara rast gəlinmir. Bəli, kreditləşmə prosesində konkret əhali qruplarına tətbiq olunan qadağa diskriminasiyadır və bunun başqa adı yoxdur!

Digər tərəfdən kreditləşmə prosesində kimə və nə qədər kredit vermək, ya da ümumiyyətlə kredit verməmək hansısa qurumun, tənzimləyicinin deyil, bankın səlahiyyətində olan məsələdir. Pul alverçisi olan bankir ilk növbədə riski gözə almalı, qiymətləndirməlidir.

Beynəlxalq praktikada pensiyaçılar ən sərfəli müştəri hesab edilir. Çünki, pensiyaçıların stabil gəliri var (pensiyası)! Üstəgəl, nəzərə alaq ki, hər il ölkə başçısının müvafiq sərəncamı ilə pensiyalar stabil olaraq 10% artırılır. Onların digər üstünlüyü də ondan ibarətdir ki, pensiyaları əlbəəl deyil, plastik kartla alır. Pensiyaçılar daha çox krediti pensiyasını aldığı bankdan götürürdü. Bank isə kredit üzrə aylıq ödənişi həmin kartdan çıxa bilər.

Bununla yanaşı, pensiyaçı saxta iş yerindən arayış, ya da iş yerindən arayışda qeyd edilən saxta əmək haqqı ilə kredit götürmür!

Birincisi, pensiyaçıların kreditlərinin ümumi kredit portfelində xüsusi çəkisi bilinmir, elan olunmur: həmin kreditlərin bank sistemindəki riskləri barədə ictimaiyyət məlumatsızdır. Bizə yalnız təxmini ehtimallar və yarıpopulist bəyanatlar qalır. Belə ki, Azərbaycan üzrə ümumi pensiya məbləği təxminən ildə 2,9 mlrd. manat təşkil edir, məhz bu rəqəm Dövlət Sosial Müdafiəsi Fondunun büdcəsində əmək pensiyaların ödənilməsinə nəzərdə tutulur. Ölkə üzrə məcmu kredit portfeli 20,3 mlrd. manata bərabərdir. Qeyd edilən rəqəmlər təhlil üçün heç nə vermir, yalnız miqyasları nümayiş etdirir. Eyni zamanda bəzi ehtimallar etsək, müəyyən nəticə alınacaq. Məsələn, fərz edək ki, bütün pensiyaçılar pensiyalarının illik həcminin yarısına bərabər kredit alıbsa, bu ümumi bank sisteminin kredit portfelinin təxminən 7%-ni təşkil edir. Amma reallıqda (əlbəttə ki, bu mövcud deyil) pensiyaçıların yalnız kiçik bir hissəsi kredit alanların sırasında. Hətta pensiyaçıların payına ümumi portfelinin 1-2%-ə bərabər olduğuna da inanmaq çətindir. Məsələn, ölkə üzrə məcmu kredit portfelinin 2%-i 400 mln. manata bərabərdir. Bu da öz növbəsində o deməkdir ki, Azərbaycanda hər pensiyaçıya orta hesabla ildə 307 manatlıq kredit düşür. Məsələn, hər ikinci pensiyaçı kredit alandırsa, deməli həmin kredit alan pensiyaçıların adambaşına 600 manatdan artıq kredit yükü düşür. Bu göstəricinin reallıqdan çox uzaq olduğunu başa düşmək üçün daha biri-iki rəqəmə diqqət salaq. Ölkə üzrə istehlak kreditlərinin həcmi 7,3 mlrd. manat təşkil edir ki, bu da adambaşına təxminən 800 manat deməkdir. Əgər əməkqabiliyyətli əhalini götürsək, bu rəqəm 2 dəfə artır - 1 600 manat. Əgər pensiyaçılar üzrə müvafiq hesablamanı aparsaq, yəni ehtimal etsək ki, pensiyaçılar ümumi əhalinin sayına və həcminə mütənasib miqdarda kreditə malikdir, alınır ki, pensiyaçıların payına təxminən 1 mlrd. manatdan bir az artıq kredit yükü düşür ki, bu da adambaşına həmin 800 manatı verir. Kiçik bir haşiyə: Rusiyada mütəxəssislər həyəcan təbili çalır ki, ölkədə əhalinin kredit yükü yüksəkdir və 1 000 dollara yaxındır. Bəzi analitiklərin hesablamalarına görə, nisbi göstəricilər üzrə Rusiya hətta ABŞ-ı qabaqlayır ki, bu da böyük təhlükə yaradır. Azərbaycanda, göründüyümüz kimi, kredit yükü təxminən 530 dollara bərabərdir ki, bu da dünya praktikasına görə kiçik göstərici deyil. Palatanın pensiyaçıların kreditləri üzrə vəziyyətinin kəskin olduğu fikirləri əsas götürsək, ehtimal etmək olar ki, pensiyaçılar üzrə də göstərici oxşardır. Əgər belədirsə, həqiqətən tədbir görmək lazımdır. Amma niyə tək pensiyaçılar üzrə?! Gəlin, bütün istehlak kreditlərini qadağa edək! Çünki, əməkqabiliyyətli əhali üzrə kredit yükü daha yüksəkdir. Sadə dillə desək, əgər pensiyaçılar üzrə vəziyyət təhlükə doğurursa, əməkqabiliyyətli əhali üzrə vəziyyət daha da kritikdir. Halbuki, nə qədər qəribə səslənsə də, əməkqabiliyyətli əhali kredit qaytarma baxımından daha risklidir.

Heç şübhəsiz ki, pensiyaçıların kreditləşməsi ilə məşğul olan bankların fəaliyyətinə bu qərar mənfi təsir edəcək. Pensiyaçıların kreditləşməsi ilə aktiv olaraq iki nəhəng bank məşğul idi.

Qadağanın bank sektorunun manat kütləsinə hava-su qədər ehtiyacı olduğu bir vaxtda verilməsi də anlaşılan deyil. Xatırlayırsınızsa, bir müddət öncə Maliyyə Bazarlarına Nəzarət Palatası xarici valyutada kreditlərin verilməsinə qadağa qoymuşdu. Bu qərardan dərhal sonra kredit təşkilatları, demək olar ki, manatla da kreditləşməni dayandırdı. Pensiyaçıların kreditləşməsinə qoyulan qadağa da maliyyə bazarına manat kütləsinin axmasının qarşısını alacaq. Bu, sözsüz ki, manata təzyiqi artıracaq.

Pensiyaçıların kreditləşməsinə qadağa qoymaqdansa, kreditləşmədə prosesində bəzi məhdudiyyətlərin tətbiq olunması daha məqsədəuyğun olardı. Kreditin məbləğinə, faiz dərəcəsinə (digər müştərilərlə müqayisədə, pensiyaçılara verilən kreditlərin illik faiz dərəcəsi daha aşağı olmalıdır) limitlərin tətbiqi ən optimal variantdır.

İşini qadağalar üzərində quran Maliyyə Bazarlarına Nəzarət Palatası özü də gözəl bilir ki, problemli müştərilər arasında pensiyaçıların xüsusi çəkisi o qədər yüksək deyil.

İlkin Əhmədov, Vahab Rzayev

APA Analitik Mərkəzi

İqtisadi

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR