“Şekspir Xalçası” müsabiqəsi ilə bağlı mətbuat konfransı keçirilib

“Şekspir Xalçası” müsabiqəsi ilə bağlı mətbuat konfransı keçirilib
# 18 may 2016 11:24 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. Xalça Muzeyində Şekspirin 450 illik yubileyi münasibətilə “Şekspir Xalçası” müsabiqəsi çərçivəsində mətbuat konfransı təşkil olunub.

APA-nın məlumatına görə, mətbuat konfransında çıxış edən muzeyin direktoru Şirin Məlikova bildirib ki, Azərbaycan “Şekspir Xalçası" dünyada bu tipli yeganə müsabiqədir: “Müsabiqə Şekspirin şərəfinə dahi dramaturqdan ilham almış xalça dizaynının hazırlanmasına həsr edilib. "Şekspir Xalçası" müsabiqəsi Azərbaycanın xalça sənəti sahəsində zəngin mədəni irsini və Şekspirin dünya ədəbiyyatında tutduğu yeri bir araya gətirir”.

Xalq rəssamı, Azərbaycan Rəssamlıq Akademiyasının rektoru Ömər Eldarov müsabiqənin əhəmiyyətindən danışıb, Azərbaycan mədəniyyətinə Şekspir yaradıcılığının töhfələrindən bəhs edib.

"British Council"ın Azərbaycan üzrə direktoru Elizabet Uayt yaradıcı insanları müsabiqəyə qoşulmağa və Şekspirin şərəfinə xalça dizaynı hazırlamağa dəvət edib: “Müsabiqə bir neçə kateqoriyadan ibarət olmaqla, Azərbaycandan olan hər kəs üçün açıqdır. Dizaynlar onlayn formada təqdim edilir. Dizaynların texniki xalça dizaynı olmasına ehtiyac yoxdur, onlar boya və ya kompüter vasitəsilə hazırlana bilər. Ən yaxşı dizaynlar sərgidə nümayiş olunacaq və mükafat qazanmış dizaynlar əsasında xalçalar toxunacaq. Müsabiqənin qalibi Londona səyahət, Viktoriya və Albert muzeyinə və Şekspir Qlobus teatrına giriş biletləri qazanacaq”.

Qeyd edək ki, müsabiqəyə qəbul 31 iyulda sona çatır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR