"CDB Bank"ın rəhbəri: "Birinci müştəri, sonra bank qazanmalıdır" - MÜSAHİBƏ

"CDB Bank"ın rəhbəri: "Birinci müştəri, sonra bank qazanmalıdır" - <span style="color: red;">MÜSAHİBƏ
# 04 mart 2016 10:11 (UTC +04:00)

Bakı. İlkin Əhmədov - APA-Economics. "Caspian Development Bank" ASC İdarə Heyəti sədri Nadir Yıldırımın "APA-Economics"ə müsahibəsi:

- Ötən il ölkənin bank sektoru üçün o qədər də asan il olmadı. "Caspian Development Bank" 2015-ci il üzrə maliyyə hesabatını açıqlayıb və əksər göstəricilər üzrə ciddi artım müşahidə olunur. Uğurunuzun sirri nədir?

- Ötən ilin yanvar ayından yeni brend altında fəaliyyətə başlayan “Caspian Development Bank (CDB)” ASC qısa müddət ərzində bir çox uğurlara imza atıb. Bankın sahib olduğu mövcud lisenziya ona dünya bankçılıq təcrübəsində tətbiq olunan hər növ bank xidmətləri göstərməyə imkan verir. Bu gün “CDB Bank” Fərdi xidmətlər, Korporativ xidmətlər, İnternet Bankçılıq, Mobil Bankçılıq, Plastik Kartlar, Ekvayrinq xidməti, Əmanətlər, Fiziki və Hüquqi şəxslərə kreditlərin verilməsi, Sürətli pul köçürmələri, Törəmə maliyyə alətləri və sair xidmətlər həyata keçirməkdədir.

Bu bir il ərzində “CDB Bank” Azərbaycan Banklar Assosiasiyasının, Əmanətlərin Sığortalanması Fondunun, Azərbaycan İpoteka Fondunun, Sahibkarlığa Kömək Milli Fondunun və bir çox müvafiq strukturların tam hüquqlu üzvü olmuş, bir çox beynəlxalq banklarla müxbir münasibətlər yaratmışdır. Eyni zamanda bank S.W.I.F.T., VISA International sistemlərinin üzvü və “Bloomberg” platformasının iştirakçısıdır.

Uğurlarımızın sirri Bazel III prinsiplərinə uyğun olaraq, korporativ idarəetmə standartları əsasında fəaliyyətimizi qurmağımız və peşəkar komanda sayəsində mütərəqqi bank texnologiyalarının tətbiqi ilə sektorda öz payına malik olan universal bank olmaqdır.

- Tarixən Türkiyə çox böyük “devalvasiya şokları” yaşadı. Türkiyənin bank-maliyyə sektorunda çalışmış təcrübəli bir kadr kimi, çıxış yolunu nədə görürsünüz?

- Biz, Türkiyədə kəskin böhranı dəfələrlə yaşamışıq. Eynilə Azərbaycanda olduğu kimi, Türkiyədə də devalvasiyadan sonra dollar qıtlığı yaranmışdı, milli valyutaya inam itmişdi. 2000, 2008-ci illərdə də devalvasiya baş verdi. Hal-hazırda Türkiyə yenə böhran içərisindədir, amma ajiotaj yoxdur, çünki biz böhranla yaşamağı öyrənmişik. Düşünürəm ki, bu yöndə Azərbaycanın Türkiyə təcrübəsindən yararlanaraq, bizim buraxdığımız səhvləri təkrarlamamaq kimi bir şansı var. Başqa sözlə, Azərbaycan qısa müddətdə böhrandan çıxa bilər və ölkə rəhbərliyi bu istiqamətdə zəruri addımlar atır. Zənnimcə, dövlət başçısının fərmanı ilə Maliyyə Bazarlarına Nəzarət Palatasının yaradılması çox mütərəqqi addımdır.

O ki qaldı Türkiyə təcrübəsinə bəli, biz o təcrübədən burada istifadə etməyi düşünürük. Böhran dövrlərində səbirli və bir qədər də soyuqqanlı olmaq lazımdır. Proseslər göstərdi ki, insanlar aktiv şəkildə əllərində olan manatı dollara çevirdi. Amma biz manatı qüvvətləndirməliyik. Bu isə manatın dövriyyəsinin artırılması hesabına baş verə bilər. Əslində, evdə saxladığınız hər bir manat ölkə iqtisadiyyatı üçün ziyandır. Bu vəsaitlər banklarda olsa, təbii olaraq dövriyyə artacaq ki, bu proses də ölkə iqtisadiyyatına böyük fayda verə bilər.

- Belə bir deyim var: bankir pul alverçisidir. Amma bankir çalışmalıdır ki, ilk növbədə müştərisi qazansın, sonra özü. Maraqlıdır, Sizin yanaşmanız necədir?

- Hər bir bank müştərisinin ehtiyaclarını qarşılamalıdır. Banklar demək olar ki, eyni xidmətləri təklif edir. Bu zaman bank olaraq öncə "mən qazanacağam" deyəcəksinizsə, müştəridən yalnız bir dəfə pul qazana bilərsiniz, ikinci dəfə o müştəri sizin banka gəlməz. Bizim anlayışımız ondan ibarətdir ki, ilk olaraq müştəri qazanmalıdır ki, daha sonra bank da qazansın. Müştəri ilə uzunmüddətli əməkdaşlığa nail olmaq lazımdır. Biz bunu Azərbaycanda da həyata keçirməyə çalışırıq.

Soruşa bilərsiniz ki, məsələn, niyə müştəri "CDB Bank"la əməkdaşlıq etməlidir? Bir qədər əvvəl özünüz də vurğuladınız ki, il ərzində iki dəfə devalvasiya yaşamışıq, amma cəmi 1 yaşı tamam olan bankın aktivləri 3 dəfə artıb. Bu, ondan xəbər verir ki, bankın strategiyası düzgün qurulub.

Bundan başqa, hazırda bankımız, Türkiyədə olduğu kimi, internet və mobil bankçılıq sisteminin tətbiqi istiqamətində mühüm işlər görür. Tezliklə bu xidmətləri də müştərilərimizin ixtiyarına verəcəyik. Bu, asan proses deyil, amma hesab edirəm ki, nəticəsi çox effektiv olacaq. Vaxt çox dəyərlidir və biz də çalışırıq ki, müştəri banka gəlmədən istədiyi əməliyyatları həyata keçirə bilsin. Fikrim yanlış anlaşılmasın, bu o demək deyil ki, müştəri ilə dialoqu kəsəcəyik. Sadəcə, biz müştərilərimizin dəyərli vaxtına qənaət etmək niyyətindəyik.

- Elə növbəti sualım da bank-müştəri münasibətləri ilə bağlıdır. Bildiyimə görə, sizin bankda problemli kreditlər portfeli demək olar ki, minimum səviyyədədir. Müştəriləriniz nümunəvidir, yoxsa bizim bilmədiyimiz başqa nüanslar var?

- Həqiqətən də, kredit portfelimizə nəzər saldıqda görmək olar ki, problemli kreditlərimizin sayı barmaqla sayılacaq səviyyədədir. Məsələ burasındadır ki, müştərini yaxşı analiz etmək, onunla düzgün dialoq qurmaq, hər hansı layihəyə müştərinin gözü ilə baxmaq lazımdır. Bundan əlavə, bankçılıq nöqteyi-nəzərindən analiz etmək lazımdır. Müştəri subyektiv yanaşaraq hər hansı layihəyə inana bilər, lakin onu düzgün məlumatlandırmaqla daha yaxşı nəticə əldə etmək mümkündür. Söhbət yalnız bank üçün müsbət nəticələrdən getmir. İlk növbədə müştəri yüksək gəlir əldə etməlidir ki, bankın nəticəsi daha yaxşı olsun. Artıq klassik bankçılıq dövrü bitib. İndi müasir, mobil bankçılıq zamanıdır! Texnoloji yenilikləri tətbiq etmək, müştəri ilə dialoqu gücləndirmək, onun məmnuniyyətini və ehtiyaclarını təmin etmək, keyfiyyətli xidmət göstərmək lazımdır. Bizdə müştəri məmnuniyyətinin təmin edilməsi məqsədilə işçilərimizə daimi təlimlər keçirilir. Biz bank sistemində bu günə qədər mövcud olmayan müştəri-bank münasibətlərini formalaşdırırıq. Bu o deməkdir ki, xidmətlərimizdə nəyin çatışmadığını və ya nəyi daha yaxşı edə biləcəyimizi müştərinin özündən soruşaraq öyrənəcəyik.

- Siz müasir bankçılıqdan söz açdınız. Gəlin, bir az da post-neft bankçılıqdan danışaq. Artıq ən yüksək səviyyədə belə bəyan olunub ki, post-neft dövrü başlayıb və buna uyğunlaşmaq lazımdır.

- Biz hətta neftin qiyməti düşməyə başlamazdan öncə də qeyri-neft sektoruna yönəlmiş işlər görürdük. Məsələn, Sahibkarlığa Kömək Milli Fondu ilə sıx əməkdaşlıq edirik. Hal-hazırda regionlarda filiallarımız olmasa belə kredit verdiyimiz sahibkarlar var. Ümumiyyətlə, dövlətin həyata keçirdiyi siyasətə uyğun olaraq, biz qeyri-neft sektorunda kiçik sahibkarlara maliyyə dəstəyi veririk. Elə Sizinlə söhbətimiz ərəfəsində bizim üç əməkdaşımız bölgələrə yollanıb, orada sahibkarlarla görüşür. Biz də maksimum çalışırıq ki, həmin sahibkar ayağa qalxsın, öz işini qurub yarada bilsin. Bu istiqamətdə kənd təsərrüfatı və tikinti sektoruna xüsusi önəm verilir. Kredit portfelimizə baxsanız görərsiniz ki, biz sahibkarlığın, real sektorun inkişafına birbaşa dəstək veririk. Neftlə yaşamağa öyrəşmişik, lakin neftin qiyməti aşağı düşdükdə qeyri-neft sektorunun nə qədər əhəmiyyətli olduğunu hiss edirik. İlk növbədə qeyri-neft sektoru üzrə istehsal profilli layihələri dəstəkləməliyik ki, istehsal artsın. İstehsal artarsa, gəlir və ixracat da yüksələcək. İxracatla məşğul olan, ölkəyə valyuta gətirən sahibkarlara xüsusilə qayğı ilə yanaşmağa çalışırıq. Əsas müştəri hədəfimiz real sektordur.

- Filial şəbəkəsini genişləndirmədən böyümək mümkün deyil. Bu istiqamətdə planlarınız nədir?

- Bilirsiniz ki, baş ofislə yanaşı paytaxtda “Qarant” filialımız, “Buta” şöbəmiz, Gəncədə “Çinar” şöbəmiz fəaliyyət göstərir, Bərdə və Qubadakı filiallarımızın açılışına isə sayılı günlər qalır. Biz filial şəbəkəmizin genişləndirilməsi üzrə strategiyamıza da birmənalı yanaşmırıq. Sadəcə şəbəkə yaratmaq xatirinə filial açmaq məqsədimizə uyğun deyil. Hələki, regionlarımızı araşdırırıq. O iqtisadi rayonda ki, əhalinin bank məhsullarına çıxışı nisbətən məhduddur, orada mütləq filial və ya şöbəmizi açacağıq.

Biz sağlam şəkildə inkişaf edərək, filial və müştəri sayımızı artırmaq, keyfiyyətli xidmət göstərmək istəyirik. Bütün bunlara nail olmaq üçün yüksək potensiallı kadrlarımız var. Hal-hazırda biz yeni bank proqramını test olaraq tətbiq edirik, yaxın günlərdə bank tam olaraq bu sistemə keçəcək. Yeni proqram təminatı bizə imkan verəcək ki, xalqımıza daha fərqli xidmət göstərək. Yaxın gələcəkdə qurduğumuz planların hamısı bu proqram təminatına hesablanıb. Əsas məqsədimiz bank xidmətlərində həmkarlarımızı təkrarlamaq yox, indiyə qədər Azərbaycanda bank sektorunda tətbiq edilməyən xidmətləri göstərməkdir.

Bununla yanaşı, bəzi universitetlərdən bizə təlimlərlə bağlı müraciətlər də daxil olur. Bu da normaldır. Bu gün universiteti bitirən tələbələrin təcrübəsizlik səbəbindən karyeraya başlamaq imkanı çox azdır. Bizim yaxın günlərdə təlim-tədris mərkəzimiz fəaliyyətə başlayacaq. Məqsədimiz gənc nəslin peşəkar kadr kimi yetişməsini, bank sektoruna savadlı kadrların cəlb olunmasını təmin etməkdir. Mərkəzimizdə təhsilini uğurla başa vurmuş tələbələrə təqdim olunacaq sertifikatlar imkan verəcək ki, onlar asanlıqla bu sektorda özlərinə uğurlu karyera qurmağa başlasınlar.

Hədəflərimiz böyükdür. Qarşıdakı illərdə bütün xidmətlərimizi "Bankınızı yenisinə dəyişin" konsepti altında təqdim etməyi planlaşdırırıq. İnsanlarımıza tam yeni, fərqli bank xidmətləri təklif etməyin zamanı yetişib artıq. Məhz bu konsetdən irəli gələrək bu ildən etibarən biz “Asan Xidmət”in yeni qurumu olan "ASAN Radio" ilə müqavilə imzalamışıq. Bu müqaviləyə əsasən, həftə içi hər gün səhər saat 08:45-də “Asan Bank” layihəsi efirdə olur. Məqsədimiz insanların bank sektoruna aid suallarını cavablandırmaq, qaranlıq qalan məqamlara aydınlıq gətirmək, onları bu sahə ilə bağlı minimum informasiya ilə təmin etməkdir. Çalışırıq ki, müştəri banka gedərkən nə tələb edəcəyini, sabah onu nələrin gözləyə biləcəyini bilsin, gözübağlı kredit müqaviləsi imzalayıb sabah problemlərlə üzləşməsin.

Məsələn, biz ilk növbədə əhalinin maarifləndirilməsi məqsədini əsas götürmüşük. Bizdə banka müraciət edən müştəriyə müqavilə maddələrlə ilə izah edilir. Maksimum çalışırıq ki, bağladığımız müqavilə asan anlaşılan, sadə formalı olsun, müştərini qorxutmasın. Və mütləqdir ki, müqavilə bağlayan hər bir müştəri ilə mütəxəssislərimiz fərdi olaraq görüşür, detallı olaraq hər şeyi izah edir.

- Nadir bəy, sektorda proseslər sürətlə gedir. Artıq bir neçə bank konsolidasiya prosesindədir. Başqa sözlə, rəqabət güclənir. “CBD Bank” necə, rəqabətə hazırdırmı?

- Təbii ki, bankların sayının azalması proseslərə müsbət təsir göstərəcək, çünki rəqabət mühiti sərtləşəcək. Biz də özümüzü buna hazırlamışıq. Bilirsiniz ki, ölkə prezidentinin fərmanı ilə Maliyyə Bazarına Nəzarət Palatası yaradılıb. Yeni yaradılan qurum maliyyə bazarlarının inkişafına təkan verəcək.

- Əhali əmanətlərini sürətlə banklardan çıxarır, banklarda qalanlar isə dollarlaşır. Bu prosesin nəticəsi hamı üçün maraqlıdır.

- Son hadisələr göstərdi ki, insanlar banklardan incik düşüb. Ancaq gəlin unutmayaq ki, bank sektoru iqtisadiyyatın katalizatoru rolunu oynamaqla bərabər həm də onun güzgüsüdür. Bir müddət əvvəl qəribə mənzərə yaranmışdı: hamı son qəpiyini də dollara konvertasiya edirdi. Amma heç kim düşünmür ki, biz evimizə dollarla çörək almayacağıq. Dollar iqtisadiyyatdan asılı olaraq qalxa da, enə də bilər. Bizim təməl ehtiyaclarımız isə manatladır. Buna görə, manata güvənməliyik. Manatın dövriyyəsinin artması üçün pulun bank sisteminin içində olması zəruridir. Baş verən devalivasiyalar Azərbaycanın xeyrinə hesablanıb. Fikrim yanlış anlaşılmasın, amma bu günə qədər bizim insanlar rahat yaşamağa öyrəşmişdi. Heç kim böhranın belə tezliklə olacağını, neftin qiymətinin aşağı düşəcəyini gözləmirdi. Amma manatın devalvasiyası imkan verəcək ki , qeyri-neft sektoru da inkişaf etsin. Qeyri-neft sektorunun inkişafı isə sabah insanlarımızın daha yaxşı səviyyədə yaşayacağına səbəb olacaq. Hesab edirəm ki, böhran ölkənin daha yaxşı inkişafı üçün bir fürsətdir.

- Müsahibəyə hazırlaşan zaman Sizin barənizdə maraqlı bir faktla qarşılaşdım: siz peşəkar səviyyədə ekstremal idman növləri ilə məşğul olursunuz, üstəlik, hündürlükdən paraşütlə tullanmaq üzrə bir sıra rekordlara maliksiniz. Zirvələrdə olmaq necə hissdir?

- Düzdür, bank işi ilə yanaşı, mən ekstremal idman növləri ilə də məşğul oluram. Professional paraşütçüyəm. 250 km/saat sürətlə göydən yerə düşərkən dərhal və düzgün qərar verməlisən. Bank işi də buna bənzəyir - cəld və düzgün qərar verməyi tələb edir. Buna isə özünüzü inkişaf etdirərək, çalışaraq nail ola bilərsiniz. Belə deyək, təyyarədən tullanarkən kürəyimizdə ehtiyat paraşütümüz var. Bu ehtiyat paraşütə yalnız çətinlik yarandığı zaman ehtiyac duyuruq. Bankçılıqda da ehtiyat paraşüt olmazsa, hər hansı bir çətinliklə qarşılaşdığınız zaman ciddi problemlərlə üzləşə bilərsiniz. Devalvasiya və ya iqtisadi çətinliklər olduğu zaman sisteminizi düzgün qursanız daha az probleminiz və maliyyə itkiləriləriniz olar.

- Müsahibənin sonunda istərdik ki, peşəkar bank işçisi kimi, vətəndaşlarımıza öz tövsiyənizi verəsiniz. Sizcə bank seçərkən ilk növbədə nələrə diqqət yetirilməlidir?

- Bu gün Azərbaycanda əhalisinin bank sektoru haqqında məlumatlılıq səviyyəsi yüksək deyil. Cəmiyyətin maliyyə savadlılığının artırılması istiqamətində müəyyən maarifləndirici addımlar atılmasına ehtiyac var. Hər bir müştəri əməkdaşlıq etdiyi bankın maliyyə göstəriciləri ilə tanış olmalı, onun resursları, bazarda mövqeyi haqqında məlumatlara sahiblənməlidir. Məlumdur ki, bu gün yüksək faizlə depozit qəbulu elan edən banklar var. Təcrübə onu göstərir ki, əgər bir bank yüksək faizlə depozit qəbul edirsə, deməli bu bankın vəsait toplamağa böyük ehtiyacı var və maliyyə vəziyyəti heç də qənaətbəxş deyil. Bu o deməkdir ki, bank seçən zaman artıq bunları düşünmək lazımdır. İnsanlar bu cür təkliflərə aldanmasınlar.

Fürsətdən istifadə edib xalqımızı qarşıdan gələn Novruz bayramı münasibəti ilə təbrik edirik və bildirmək istəyirəm ki, bayram ərəfəsində hər kəsin faydalana biləcəyi bir çox yeniliklər təqdim edəcəyik.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR