Lerikdə qanvermə aksiyası keçirilib

Lerikdə qanvermə aksiyası keçirilib
# 03 iyun 2016 19:38 (UTC +04:00)

Lerik. Ağəddin Babayev – APA. Heydər Əliyev Fondunun təşəbbüsü, Səhiyyə Nazirliyinin təşkilatçılığı və Lerik Rayon İcra Hakimiyyətinin dəstəyi ilə Lerik Mərkəzi Rayon Xəstəxanasında talassemiya və hemofiliya xəstəliyindən əziyyət çəkən xəstə uşaqlar üçün qanvermə aksiyası keçirilib.

APA-nın cənub bürosunun məlumatına görə, aksiyada rayon icra hakimiyyətinin başçısı və aparatın məsul işçiləri, rayonun hüquq mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların kollektivləri, ictimaiyyət nümayəndələri, gənclər və qadınlar iştirak ediblər.

Aksiyaya ümumilikdə 1000 nəfərə yaxın rayon sakini qoşulub. Bahadur Eyvazov adına Elmi- Tədqiqat Hemotologiya və Transfiziologiya İnstitutunun Mərkəzi Qan Bankı tərəfindən ezam olunmuş xüsusi tibb briqadasının həkim-hemotoloqları tərəfindən hər bir donorun sağlamlığı qabaqcadan yoxlanılaraq, onların sağlam olub-olmamaları müəyyənləşdirilib.

Tibbi heyətin yoxlamasından sonra tam sağlam olan 168 nəfər vətəndaşdan qan götürülüb. Yığılan qan ehtiyatı yoxlanılaraq talassemiya, hemofiliya və digər qan xəstəliklərindən əziyyət çəkənlər üçün istifadə olunacaq. Aksiyada iştirak edənlər qan xəstəliklərindən əziyyət çəkən uşaqlar üçün könüllü qan verməyin xeyirxah və savab iş olduğunu bildiriblər. Onlar belə tədbirlərdə yaxından iştirak etməyin vətəndaşlıq borcu olduğunu qeyd ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR