Mütəxəssis: “Uşaqlarda ən çox inək südünə, ondan hazırlanan məhsullara qarşı allergiya yaranır”

Mütəxəssis: “Uşaqlarda ən çox inək südünə, ondan hazırlanan məhsullara qarşı allergiya yaranır”
# 10 aprel 2015 17:23 (UTC +04:00)

“Uşaqlar arasında bütün yaş dövrlərində ən çox qida allergiyalarına rast gəlinir.

Yeni doğulan, südəmər mərhələdə də uşaqlarda daha çox qida allergiyaları ilə rastlaşırıq”.

Bunu APA TV-nin “Öncə sağlıq” proqramında pediatr, uzman doktor Telman Aytayev deyib.

Mütəxəssis bildirib ki, dünyada təxminən 100 qidaya qarşı allergiyanın yarandığı sübut olunub: “Əhali arasında meyvələrə, xüsusilə banana, sitrus meyvələrinə qarşı çoxsaylı allergiyaların olması haqda yayılan məlumatlar əslində yanlışdır. Qəbula gələn valideynlərin böyük əksəriyyəti uşaqlarında allergiya olduğunu və bunun meyvələrdən qaynaqlandığını deyirlər. Bu, yanlış təsəvvürdür. Meyvələrə, eləcə də banana, sitrus meyvələrinə qarşı allergiyaya nadir hallarda rast gəlinir.

Uşaqlarda allergiya ən çox inək südünə, ondan hazırlanan məhsullara qarşı yaranır. Allergiyaya səbəb olma baxımından ikinci yerdə yumurta ağını, sonra soya, lobya, ümumiyyətlə, paxlalı məhsulları, qoz, fındıq, fıstığı göstərmək olar. Dəniz məhsullarına qarşı da allergiyaların olması mümkündür.

Dünyada hətta inək südündən təmizlənmiş qidalar var. Çox bahalı olsa da, allergiya törətməsin deyə bu qidalardan istifadə olunur”.

Mütəxəssis deyib ki, ümumiyyətlə, 1 yaşa qədər olan bütün uşaqlara inək südü verilməməlidir: “Sonradan isə allergiya varsa, 2, 3 yaşa qədər süddən, süd məhsullarından istifadə olunmaması məsləhətdir. Elə uşaqlar var ki, bütün süd məhsullarına qarşı allergiya verir, elə uşaqlar da var ki, tərkibində süd olan şokoladı yeyən zaman allergiyası olur, amma məsələn, pendirə qarşı allergiyası yaranmır. Belə hallar da olur və nəzərə alınmalıdır”.

Qida allergiyalarının əlamətləri barədə danışan T. Aytayev bildirib ki, bu allergiyalar daha çox dəri formasında özünü göstərir: “Bu, daha çox yanaqlarda qızartı yaranması ilə özünü büruzə verir. Qida ilə bağlı mədə-bağırsaq sistemində də allergiya yaranır. Bu isə daha çox nəcisdə qan şəklində üzə çıxır. Çox zaman həkimlər bunu “bağırsaqda mikrob” diaqnozu ilə müalicə edirlər. Əslində isə bu yanlışdır. 90 faiz hallarda nəcisdəki qan mədə-bağırsaq allergiyası ilə bağlı ortaya çıxır”.

Pediatrın sözlərinə görə, şokoladın tərkibində olan digər maddələrin də allergiyaya səbəb olması mümkündür: “Süd verən analar şokolad yeyirlərsə, bu zaman uşaqlarda allergiya yaranır. Ona görə analar bunu nəzərə almalıdırlar”.

Mütəxəssis onu da deyib ki, nisbətən böyük yaşlı uşaqlarda allergik rinitə və yuxarı tənəffüs yollarının digər allergiya formalarına daha çox rast gəlinir:

“Adətən, allergiyalar yuxarı yaşlarda allergik rinit, astma, bronxit şəklində qarşımıza çıxır. Bu zaman allergiyaların səbəbləri fərqli olur”.

Onun sözlərinə görə, allergik rinitin, astmanın ortaya çıxmasında ev allergenləri böyük rola malikdir. Ev tozuna, evdə yaşayan mikroorqanizmlərə, nəfəslə qəbul olunan maddələrə qarşı allergiyalara daha çox rast gəlinir:

“Onlardan tam qorunmaq da mümkün deyil. Ancaq bəzi tədbirlər görməklə, məsələn, evdəki xalçaları tez-tez təmizləməklə, yatağı təmiz saxlamaqla, yorğan, döşək, balış üzlərini tez-tez yumaqla təsiri azaltmaq mümkündür. Evdə quru süpürgə ilə təmizləmə düzgün deyil. Təmizləmə zamanı nəm mühit yaratmaq lazımdır. Döşəməni, mebelləri tez-tez silmək gərəkdir.

Eyni zamanda yazda, yayda önləyici tədbirlərin görülməsi, dərmanların qəbul edilməsi ilə şikayətləri azaltmaq olar. Diqqətlə yanaşanda tam olmasa da, şikayətlər 60 faiz geriləyə bilir”.

T. Aytayev onu da deyib ki, uşaqlarda çox geniş təsadüf olunan allergik rinit ən çox burunda qıcıqlanma şəklində özünü göstərir: “Allergik rinit zamanı uşaqlar ən çox əlin ortası ilə burunu ovuşdururlar, qaşıyırlar.

Vaxtında qarşısı alınmasa, allergik rinitin xroniki fəsadları ortaya çıxır. Allergik rinitlər uzun müddət əziyyət verərsə, burunda poliplərin böyüməsinə səbəb olar, sinusit (haymorit), otit, yəni orta qulaqda iltihab da yarada bilir”.

Onun sözlərinə görə, allergik rinit uşaqlarda astma yarada bilməsi baxımından da təqib olunmalıdır.

Uşaqlarda afilaktik şok yaranması halları barədə danışan pediatr qeyd edib ki, bu da allergiyanın ortaya çıxan tipidir, doğru müdaxilə olmayanda ağır nəticələri yaranır: “Allergiyanın bu tipi daha çox mikroorqanizmlərə, ilan, əqrəb, arı sancmasına, dərmanlara qarşı yaranır. Daha çox dərmanların damar, əzələ daxilinə yeridilməsi zamanı ortaya çıxır.

Təəssüf ki, kimdə anaflaktik şok yaranacağını əvvəlcədən bilmək mümkün deyil, çünki bu, qəflətən ortaya çıxır. Ona görə də iynələrin, ən çox da antibiotiklərin evdə vurulması düzgün deyil. Bəzən deyirlər ki, evdə yüz dəfə bu iynəni vurmuşuq. Bəli, yüz dəfə ortaya çıxmayıbsa, yüz birinci dəfədə şokun yaranması mümkündür. Bu proseduru evdə tətbiq etməkdən yayınmaq lazımdır”.

Mütəxəssis, dərman allergiyalarının daha çox dəridə ləkə şəklində əlamət verdiyini bildirib.

Peyvəndlərin anaflaktik şok yaratmaq ehtimalı barədə danışan mütəxəssis deyib ki, bu, nadir hallarda, milyon haldan birində ortaya çıxa bilər: “Adi bir ağrıkəsicinin şok vermə ehtimalı daha çox ola bilər, nəinki peyvəndlərin. Həm də peyvəndin yan təsirlərindən çox onların faydaları haqda düşünmək, onu təbliğ etmək lazımdır”.

T. Aytayev artıq allergiyalara qarşı mübarizədə peyvəndlərdən istifadə olunduğunu da qeyd edib: “Allergiyaya qarşı peyvəndlər tətbiq edilir və çox ciddi şəkildə müsbət nəticələri var. Uşağın nəyə qarşı allergiyası varsa, ona qarşı qoruyuculuq yaradan peyvənd vurulur. Yüngül allergiya varsa, ciddi fəsadları yoxdursa, peyvənd olunmasına ehtiyac olmur. Bu peyvəndlər ciddi allergiya zamanı, ağır hallarda allergiya mərkəzlərində tətbiq olunur”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR