Azərbaycan Astanada türk xalqlarının musiqi festivalında təmsil olunub

Azərbaycan Astanada türk xalqlarının musiqi festivalında təmsil olunub
# 24 iyul 2015 12:22 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. Astanada Ənənəvi Musiqi üzrə Beynəlxalq Şuranın (İCTM) 43-cü ümumdünya konfransı keçirilib.

Mədəniyyət və Turizm Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, konfrans çərçivəsində TÜRKSOY tərəfindən türk xalqlarının musiqi festivalı təşkil olunub.

Festivalda iştirak edən musiqiçilər orta əsrlərdən etibarən formalaşan zəngin türk musiqi mədəniyyəti nümunələrini, rəqsləri, muğamları, vokal-instrumental ansambl ifaçılığını təqdim ediblər.

Türk xalqlarının musiqi mədəniyyətinə, onların qarşılıqlı mübadilə yolu ilə inkişafına həsr edilmiş tədbirdə 70-ə yaxın ölkədən 800 aparıcı ekspert, türkdilli ölkələrin mədəniyyət və incəsənət xadimləri və xarici ölkələrin nümayəndələri iştirak ediblər.

Festivalda Azərbaycandan “Aypara” muğam üçlüyü - ikinci respublika muğam müsabiqəsinin qalibi Aytən Məhərrəmova, tarzən Ədalət Behbudov və kamança ifaçısı Pərviz Fərhadov musiqi nömrəsi ilə çıxış ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR