Nazirlik: Aqrokimyəvi maddələrin idxalı və satışı ilə məşğul olan 10 müəssisənin fəaliyyəti dayandırılıb

Nazirlik: Aqrokimyəvi maddələrin idxalı və satışı ilə məşğul olan 10 müəssisənin fəaliyyəti dayandırılıb
# 18 mart 2015 09:58 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi ölkənin müxtəlif bölgələrində bitki mühafizə vasitələrinin və aqrokimyəvi maddələrin idxalı və satışı ilə məşğul olan 39 obyektdə yoxlamalar aparıb.

Nazirlikdən “APA-Economics”ə verilən məlumata görə, keçirilən monitorinqlər nəticəsində 700 kq-dan artıq qeydiyyatdan keçməmiş, keyfiyyətsiz, standartlara cavab verməyən, mənşəyi məlum olmayan pestisidlərin və aqrokimyəvi maddələrin satışı qadağan etdirilərək dövriyyədən çıxarılıb, 10 müəssisənin fəaliyyəti dayandırılıb. Bu istiqamətdə Dövlət Xidməti tərəfindən reydlər davam etdirilir.

BMT-in Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) hesablamalarına görə, dünya üzrə inkişaf etməkdə olan ölkələrdə istifadə olunan bitki mühafizə vasitələrinin təqribən 30%-i beynəlxalq keyfiyyət standartlarına cavab vermir. Bitki mühafizə vasitələrinin və aqrokimyəvi maddələrin istehsalı zamanı adekvat olmayan istehsal texnologiyası və keyfiyyətə nəzarət sistemi, icazəsiz istehsal, məhsulun saxtalaşdırılması, istifadəyə qədər uyğun olmayan yerdə saxlanılması və s. kimi amillər aşağı keyfiyyətli məhsul istehsalına gətirib çıxarır.

Bitki mühafizə vasitələrinin istehsalına, idxalına, satışına və saxlanılmasına xüsusi razılıq (lisenziya) verilməsi zamanı tələb olunan əlavə şərtlər bu sahədə boşluqların aradan qaldırılmasında, fiziki və hüquqi şəxslər tərəfindən sözügedən sahələrdə fitosanitar, sanitariya-gigiyena və texniki-təhlükəsizlik qaydalarının tələblərinə riayət edilməsinə şərait yaradacaq ki, bu da ətraf mühitin mühafizəsi və insan sağlamlığının qorunması baxımından olduqca vacibdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR