Dövlət Komitəsi: Bəzi hallarda torpaqların kateqoriyasına zidd istifadə hallarına rast gəlinir

Dövlət Komitəsi: Bəzi hallarda torpaqların kateqoriyasına zidd istifadə hallarına rast gəlinir
# 10 iyul 2015 08:37 (UTC +04:00)

Sumqayıt - APA-Economics. Azərbaycanda bəzi hallarda torpaqların kateqoriyasına zidd istifadə hallarına rast gəlinir.

"APA-Economics" xəbər verir ki, bu barədə Əmlak Məsələləri Dövlət Komitəsinin sədr müavini Rafiq Cəlilov Sumqayıtda keçirilən Torpaq münasibətlərinin tənzimlənməsi, mühafizəsi və torpaq bazarının təşkili ilə bağlı İşgüzar Forumda bildirib.

Sədr müavini deyib ki, ölkə ərazisində meşə fondu torpaqları yaşayış məqsədilə istifadə olunur, burada tikintilər aparılır.

"Eyni zamanda, kənd təsərrüfatı, örüş və otlaq sahələrində də yaşayış evləri, obyektlər tikilir. Belə halların aradan qaldırılması üçün komitənin torpaq müfəttişləri yoxlamalar həyata keçirir. Pozuntu halları aşkar olunduqda qanunvericiliyə uyğun tədbirlər görülür", - deyə R. Cəlilov bildirib.

O qeyd edib ki, hazırda bütün kateqoriyalı torpaqların elektron uçotu, xəritələşməsi və məlumat bankının yaradılması istiqamətində işlər aparılır.

Sədr müavini forumda iştirak edən Sumqayıt, Abşeron, Xızı və Qubadlı rayonlarının icra hakimiyyətlərinin rəhbər şəxslərinə, o cümlədən bələdiyyə sədrlərinə müraciət edərək bildirib ki, yuxarıda qeyd olunan problemlərin aradan qaldırılması istiqamətində bütün qurumlar əl-ələ verib işləməlidir.

"Əmlak Məsələləri Dövlət Komitəsi bu cür forumların keçirilməsinə yeni başlayıb. Amma bu qəbildən olan tədbirlər ölkə üzrə mütəmadi keçiriləcək. Bütün qurumlar sıx əməkdaşlıq şəraitində işləməlidir. Necə deyərlər, şərti şumda kəsirik ki, sonra problem olmasın. Torpaqlardan təyinatı üzrə istifadə olunmalıdır. Kimsə torpağın təyinatı dəyişmək istəyirsə, bunu qanuni formada etməlidir", - deyə R. Cəlilov bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR