Azərbaycan və İran vətəndaşlarında külli miqdarda narkotik vasitələr aşkar edilib

Azərbaycan və İran vətəndaşlarında külli miqdarda narkotik vasitələr aşkar edilib
# 14 noyabr 2014 10:36 (UTC +04:00)

Bakı. Aynur Əliyeva - APA-Economics. Ölkənin gömrük orqanları qaçaqmalçılıq hallarına, o cümlədən, narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirlərini davam etdirir.

Dövlət Gömrük Komitəsinin (DGK) mətbuat xidmətindən “APA-Economics”ə verilən məlumata görə, Astara Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olmuş məlumata əsasən, keçirilmiş əməliyyat tədbiri nəticəsində Azərbaycan Respublikasının vətəndaşı Həsənov Asəf Məmmədağa oğlu piyada yolla İran İslam Respublikasından (İİR) Azərbaycana gələrkən Sərnişin şöbəsində gömrük nəzarətindən keçib, gömrük əməkdaşları tərəfindən qüvvədə olan gömrük qanunvericiliyinin tələblərinə uyğun olaraq, onun üzərində şəxsi yoxlama aparılıb və bu zaman ayağına geydiyi idman ayaqqabısının içliyində, cəmi iki ədəd selofan bağlamalarda, gömrük nəzarətindən gizlədilmiş, xalis çəkisi 201,27 qram narkotik vasitə heroin, xalis çəkisi 1,719 qram olan psixotrop maddə metamfetamin və bir ədəd əl yükünün içərisindən, 4 ədəd meyvə şirəsi paketlərindən təsiredici maddəsinin miqdarı 0,65 qram olan narkotik vasitə metadon aşkar olunaraq götürülüb.

Biləsuvar Gömrük İdarəsinin “Qoşa Təpə” gömrük postunda isə İrandan Azərbaycana “polietilen” yükü gətirən İİR vətəndaşı Lotfollah Zadeh Mahdı Asadollah oğlunun idarə etdiyi “Scania” markalı yük avtomobilinə “Muxtar” ləqəbli kinoloji xidmət itinin tətbiqi ilə baxış keçirilib. Baxış zamanı xidməti it avtomobilin kabinəsində ön panelin orta hissəsinə reaksiya verib, avtomobilin kabinəsinə əsaslı baxış keçirilib və kabinədə sürücü oturacağının sağ tərəfi istiqamətində, ön panelin orta hissəsindən gömrük nəzarətindən gizlədilmiş külli miqdarda narkotik vasitə-tiryək aşkar edilərək götürülüb.

Ümumiyyətlə, gömrük orqanları tərəfindən görülmüş tədbirlər nəticəsində bu ilin müvafiq dövrü ərzində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar 135 fakt aşkar olunub. Bu faktlar üzrə 160 kq-dan çox narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb, saxlanılan narkotik vasitələrin çox hissəsini, yəni 76 kq-a qədərini güclü təsiredici xassəyə malik heroin təşkil edib.

2014-cü ilin müvafiq dövrü ərzində gömrük keçid məntəqələrində xidmət göstərən instruktor-kinoloqlar tərəfindən onlara təhkim olunmuş xidməti axtarış itlərinin tətbiqi nəticəsində isə 19 fakt üzrə - 5 kq 916 qram tiryək, 65 qram heroin, 1 kq-dan çox qurudulmuş marixuana, 17 qram həşiş, 87 milli qram metadon məhlulu aşkar olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR