ARDNŞ ilə Yaponiyanın “İtoçu” korporasiyası arasında məsləhətləşmələr olub

ARDNŞ ilə Yaponiyanın “İtoçu” korporasiyası arasında məsləhətləşmələr olub
# 20 oktyabr 2014 14:34 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bu gün Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayev Yaponiya-Azərbaycan iqtisadi əməkdaşlıq komitəsinin sədri, “İtoçu” korporasiyasının icraçı vitse-prezidenti Yoiçhi Kobayaşinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

ARDNŞ-dən “APA-Economics”ə verilən məlumata görə, R. Abdullayev Azərbaycanda həyata keçirilən regional və qlobal əhəmiyyətli layihələr üzrə qazanılmış nailiyyətlərdən söz açıb, qısa bir müddətdə şaxələndirilmiş ixrac boru kəmərləri sisteminin yaradıldığını diqqətə çatdırıb.

ARDNŞ-nin liderliyi ilə Azərbaycan neft-qaz sənayesində nəzərəçarpacaq uğurlar qazanıldığını vurğulayan Y. Kobayaşi Bakıya budəfəki səfərindən xüsusilə məmnun qaldığını söyləyib. O, təmsil etdiyi “İtoçu” korporasiyasının Azərbaycanla artıq 20 ilə yaxındır ki, sıx əməkdaşlıq etdiyini və həm neft, həm də qeyri-neft sektorunda müxtəlif layihələrdə tərəfdaş olduğunu xatırladaraq, həyata keçirdikləri beynəlxalq layihələr arasında “Azəri-Çıraq-Günəşli” (AÇG) layihəsinə xüsusi etimad göstərildiyini nəzərə çatdırıb və “İtoçu”nun digər layihələrdə iştirak etməkdə maraqlı olduğunu bildirib.

“İtoçu” korporasiyasının Azərbaycanda uzunmüddətli səmərəli fəaliyyətindən razılıqla söz açan R. Abdullayev ölkədə, o cümlədən neft-qaz sənayesində qazanılan uğurları yüksək qiymətləndirdiyinə görə Y. Kobayaşiyə təşəkkür edib, birgə layihələrin icrasının bundan sonra da uğurla davam edəcəyinə əminliyini bildirib. O, ARDNŞ-in idarəçiliyində olan “Petkim” neft-kimya kompleksinin nəzdində layihə gücü ildə 10 mln. ton təşkil edəcək “STAR” neft emalı zavodunun inşasında birgə əməkdaşlıqdan məmnunluğunu ifadə edib.

R. Abdullayev “İtoçu” ilə ARDNŞ arasında əməkdaşlığın daha da dərinləşdirilməsi üçün bu və digər layihələrdə əlverişli imkanların mövcud olduğunu qeyd edib, tərəfləri maraqlandıran digər məsələlər ətrafında geniş müzakirələr aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR