Azərbaycanda bank kassa dövriyyəsində müsbət saldo yaranıb

Azərbaycanda bank kassa dövriyyəsində müsbət saldo yaranıb
# 08 yanvar 2010 06:34 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycan üzrə bank kassa dövriyyəsinin mədaxil hissəsi 2009-cu ilin yanvar-noyabr ayları ərzində 16 435 090 600 manat, məxaric hissəsi isə 16 086 576 300 manat təşkil edib. Azərbaycan Mərkəzi Bankından (AMB) «APA-Economics»ə verilən məlumata görə, mədaxil üzrə illik azalma 6,6%, məxaric üzrə isə azalma 13,4% olub.

Dekabrın 1-nə bankların əməliyyat kassasının qalığı mədaxil üzrə 163 696 800 manat, məxaric üzrə isə 192 484 700 manat təşkil edib. Beləliklə, ötən ilin 11 ayında bank kassa dövriyyəsi üzrə müsbət saldo 348 514 300 manata, kassa qalıqları üzrə göstəricilər nəzərə alınmaqla, ehtiyat fonduna pul qoyuluşu 319 726 400 manata bərabər olub. Müqayisə üçün bildirək ki, 2008-ci ilin 11 ayında 1,025 mlrd. manat həcmində emissiya həyata keçirilib.

Kassa dövriyyəsinin mədaxil hissəsinin əsas mənbəyi 5 820 863 500 manat həcmində (ümumi dövriyyənin 35,42%-i) olan xarici valyuta satışı hesabına formalaşıb. Bundan əlavə, mədaxilin əsas mənbələri sırasında qeyri-dövlət müəssisələrindən (2 730 921 500 manat, xüsusi çəki - 16,62%) və vətəndaşların əmanətləri hesabına (1 746 386 300 manat və ya 10,63%) daxilolmalar olub. Xarici valyuta satışından daxilolmalar əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 14,3% artıb, qeyri-dövlət müəssisələrindən daxilolmalar 22,7%, vətəndaşların əmanətləri hesabına daxilolmalar isə 20,4% azalıb.

Məxaricin əsas istiqamətləri arasında 4 385 309 400 manat və ya 27,3%-lik xüsusi çəkiyə malik olan qeyri-dövlət müəssisələrinə ödənişlər (əmək haqları istisna olmaqla) birinci yerdədir. Sonrakı yerləri vətəndaşların əmanətləri hesabından ödənişlər (1 701 522 200 manat və ya 10,6%) və xarici valyutanın alınmasına ödənişlər (1 689 696 500 manat və ya 10,5%) tutur. İl ərzində qeyri-dövlət müəssisələrinə ödənişlər 30,6%, vətəndaşların əmanətləri hesabından ödənişlər 19,6%, xarici valyutanın alınmasına ödənişlər isə 17% azalıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR