Global PFC Energy şirkətinin direktoru Culiya Neney: “Azərbaycan öz karbohidrogen ehtiyatlarını beynəlxalq bazarlara çıxarmaq istəyir və bu nöqteyi-nəzərdən Avropa məntiqi hədəfdir”

Global PFC Energy şirkətinin direktoru Culiya Neney: “Azərbaycan öz karbohidrogen ehtiyatlarını beynəlxalq bazarlara çıxarmaq istəyir və bu nöqteyi-nəzərdən Avropa məntiqi hədəfdir”
# 29 oktyabr 2010 13:23 (UTC +04:00)
Bakı-APA. “Əgər Azərbaycan beynəlxalq bazarlarda qaz sahəsində öz gələcək rolunu təmin etmək istəyirsə seçimlərini diversifikasiya etməlidir. Əlbəttə ki, Rusiya bir müştəri və bir seçimdir. Lakin Rusiyanın istədiyi qazın həcmi onun öz ehtiyaclarından asılı olaraq fərqlənir. Qərbə qaz nəqli Bakıya əlavə imkanlar verəcək və öz enerji təhlükəsizliyini təmin edəcək”. Bu açıqlamanı APA-nın ABŞ müxbirinə Global PFC Energy şirkətinin direktoru Culiya Neney verib.

Culiya Neney qeyd edib ki, Rusiyanın Xəzər regionundakı qaza olan real ehtiyacı qeyri-müəyyəndir: “Ən azı indi Rusiyanın Xəzər regionundan nə qədər qaz çıxarmağa ehtiyacı olduğu aydın deyil. Hər hansı bir qaz təchizatçısının, o cümlədən Rusiyanın atdığı addımlar onun öz kommersiya və siyasi maraqlarını təmin etməlidir. Bakı bu maraqların nə olduğunu qərara almalıdır. Eyni zamanda, qaz istehsalına beynəlxalq neft şirkətləri cəlb olunacaq, onların da qorunmalı maraqları olacaq”.

Analitikin fikrincə, Xəzər regionundan Avropa və ya Çinə qaz nəql oluna bilər. O hesab edir ki, Azərbaycanın Xəzərin qərb tərəfində yerləşməsini nəzərə alaraq, onun ehtiyatları Çindən daha çox Avropaya asanlıqla çatdırıla bilər.

“Regiondan Qərbə boru kəmərinin çəkilişi reallaşmaq üzrədir. Ortada yalnız zaman məsələsi var və bir də ki bu məsələ Azərbaycan Dövlət Neft Şirkətinin və onun tərəfdaşlarının hansı marşrutu seçəcəyindən asılı olacaq. Avropa bazarlarının uzun müddətli hədəf seçilməsi həm ARDNŞ-in, həm də digər şirkətlərin marağındadır”.

“Əgər Türkmənistan və Qazaxıstan layihəyə qoşulmaqdan imtina edərsə, Nabucconun gələcək taleyini necə xarakterizə edirsiniz” sualına cavabında Neney bildirib ki, bu qaz kəmərinə qoşulan həmin ölkələrdən asılı olmayacaq: “ARDNŞ gələcəkdə öz yataqları hesabına qaz istehsalını artırmaq niyyətindədir. Əlbəttə, əgər Türkmənistan qazını bu istiqamətdə ötürməyi qərara alarsa, bu çox yaxşı əlavə olar. Bu Türkmənistana daha çox istehlakçı qazanmağa imkan verəcək”.

Amerikalı analitik onu da qeyd edib ki, Azərbaycandan Avropaya qaz ehtiyatlarının daşınması həm Azərbaycanın, həm də Avropanın xeyrinədir. “Bakı həmişə investisiya tərəfdaşları olan ölkələrin diversifikasiyasına çalışıb, indi isə bazarların diversifikasiyası da onun marağı daxilində ola bilər. İstehlakçılar qaza gələcəkdə ən çox istifadə olunacaq yanacaq növü kimi baxırlar və Bakı bu arenada rol oynaya bilər. İstənilən halda, Bakı öz mavi yanacağını beynəlxalq bazarlara çıxarmaq istəyir və bu nöqteyi-nəzərdən Avropa məntiqi hədəfdir”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR