Bakıda "Səlahiyyətli İqtisadi Operator üzrə Milli Seminar" öz işinə başlayıb

Bakıda "Səlahiyyətli İqtisadi Operator üzrə Milli Seminar" öz işinə başlayıb
# 10 may 2016 12:48 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev - APA-Economics. Ümumdünya Gömrük Təşkilatının Bakı şəhərindəki Potensialın Gücləndirilməsi üzrə Regional Ofisində “Səlahiyyətli İqtisadi Operator üzrə Milli Seminar” öz işinə başlayıb. Tədbir Avropa İttifaqının TAIEX proqramı çərçivəsində keçirilir.

Dövlət Gömrük Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, tədbirdə çıxış edən komitənin sədr müavini, gömrük xidməti general-leytenantı Şahin Bağırov səlahiyyətli iqtisadi operator institutunun Dövlət Gömrük Komitəsinin fəaliyyətində önəmli yer tutduğunu, gömrük qanunvericiliyində bu sahəyə xüsusi yer ayrıldığını bildirib. Beynəlxalq ticarət zəncirinin güvən və etibarının artırılmasında, cinayətkarlığın aşkar edilməsi, qanunsuz daşımaların aradan qaldırılması, malların düzgün yüklənməsi və vaxtında təyinat məntəqəsinə çatdırılmasında səlahiyyətli iqtisadi operatorların mühüm rol oynadığını vurğulayan Ş.Bağırov biznes qurumlarının bu institutların fəaliyyəti və xüsusiyyətləri barədə məlumatlanmasının vacibliyini bəyan edib.

TAIEX ekspert missiyasının nümayəndəsi Andre Tikkel səlahiyyətli iqtisadi operatorlarla gömrük orqanları arasındakı əlaqələrin inkişaf etdirilməsinin, bu sahədəki qanunvericiliyin və onun müasir tələblərə uyğunlaşdırılmasının vacibliyini vurğulayıb.

Seminarda TAIEX-in ekspertləri A.Tikkel və Annukka Elonen iştirakçılara “ÜGT-nin SİO üzrə alət və təminatları”, “SİO proqramları üzrə gələcək inkişaf”, “SİO üzrə idarəetmə qaydaları” və digər mövzularda iştirakçılara məlumat verəcəklər.

3 gün davam edəcək seminarda gömrükçülərlə yanaşı müxtəlif biznes qurumlarının nümayəndələri də iştirak edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR