III Beynəlxalq “Türk Dünyası Araşdırmaları” simpoziumunun açılış mərasimi keçirilib

III Beynəlxalq “Türk Dünyası Araşdırmaları” simpoziumunun açılış mərasimi keçirilib
# 25 may 2016 09:41 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. Bu gün Bakıda III Beynəlxalq “Türk Dünyası Araşdırmaları” simpoziumunun açılış mərasimi təşkil olunub.

APA-nın xəbərinə görə, simpozium Bakı Avrasiya Universiteti, Niğde Universiteti, Kazak Dövlət Qızlar Pedaqoji Universiteti, M. Akmulla Başqırd Dövlət Pedaqoji Universiteti, Şərq/Mahmud Kaşğari-Barskani Universiteti və Yunus Əmrə İnstitutunun birgə təşkilatçılığı ilə keçirilir. Bakı Avrasiya Universitetinin rektoru, professor Nazim Hüseynli bildirib ki, “Türk Dünyası Araşdırmaları” simpoziumu ilk dəfə Türkiyədə baş tutub: “2-ci simpozium Qazaxıstanda, 3-cu simpozium isə bu gün Azərbaycanda, Bakıda keçirilir. Düşünürəm ki, III Beynəlxalq “Türk Dünyası Araşdırmaları” simpoziumu türk xalqlarının tarixinə yeni yanaşmaların əsasını qoyacaq”.

Simpoziumun gələcəkdə də türk dilli ölkələrdə keçiriləcəyini qeyd edən rektor əlavə edib ki, simpozium zamanı ayrı-ayrı iclaslarda müxtəlif mövzularda müzakirələr aparılacaq.

Atatürk Mərkəzinin rəhbəri, millət vəkili Nizami Cəfərov qeyd edib ki, Bakıda keçirilən III Beynəlxalq “Türk Dünyası Araşdırmaları” simpoziumu böyük hadisədir: “Türk dilli xalqlar müstəqillik əldə etdikdən sonra xüsusən türkoloji təfəkkürdə bir canlanma yaşanır. Hətta deyərdim ki, türkoloji təfəkkürdə bir intibah yaşanır”.

Millət vəkili əlavə edib ki, sovet hakimiyyəti illərində türk etnoslarını mümkün qədər bir neçə yerə bölüblər: “Bu gün dünyada 25-ə yaxın türk etnosu, 5 böyük türk xalqı mövcuddur. Eyni zamanda bildirmək istəyirəm ki, bu gün türk dünyasında inteqrasiya həyati vacib məsələdir. Qloballaşan dünyanın özü tələb edir ki, bu gün türk dünyası həm dil, həm də mədəniyyət sahəsində inteqrasiya etsin”.

Simpoziumun açılış mərasimində millət vəkili Qənirə Paşayeva və başqa şəxslər çıxış ediblər.

Qeyd edək ki, III Beynəlxalq “Türk Dünyası Araşdırmaları” simpoziumu mayın 27-dək davam edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR