“BakıKart” rəhbərliyi aparatlarda yaranan texniki problemlərə aydınlıq gətirib

“BakıKart” rəhbərliyi aparatlarda yaranan texniki problemlərə aydınlıq gətirib
# 28 aprel 2016 13:57 (UTC +04:00)

Bakı. Etibar Məmmədov – APA. Bakı Metropolitenində fəaliyyət göstərən “BakıKart” aparatlarında kartlara gediş haqqının yükləməsində problemlər yaranıb.

Sərnişinlərin APA-ya verdiyi məlumata görə, bəzən pullar aparatlarda ilişib qalır, nəticədə böyük tıxac yaranır, insanların getdikləri ünvana gecikməsinə səbəb olur. Metronun bəzi stansiyalarında “BakıKartın” Müştəri Xidmətlərinin olmaması isə məsələni çətinləşdirir.

“BakıKart” layihəsinin rəhbəri Ceyhun Əliyev APA-ya bildirib ki, yaranan problemin yaranmasına səbəb sərnişinlərin aparatlara əyri qəpiklər atmasıdır. O, aparata əyri qəpiklərin atıldığı təqdirdə, qəpik qəbulunun avtomatik kilidləndiyini qeyd edib: “Belə hal baş verdikdə müştəri aldığı qəbzi Müştəri Xidmətlərinə təqdim edərək, gediş haqqını ala bilər. “BakıKart”ın müştəri xidmətləri metronun 4 stansiyasında fəaliyyət göstərir. Bunlar “Nəriman Nərimanov”, “28 May”, “20 Yanvar” və “Neftçilər” stansiyalarıdır. Sərnişinlər “BakıKart”la bağlı bütün problemləri bu stansiyalarda olan Müştəri Xidmətlərinə yaxınlaşaraq həll edə bilərlər. Aparatlarda texniki nasazlığın yaranmasının yeganə səbəbi, dediyim kimi, əyri qəpiklərin aparata daxil edilməsidir. Sərnişinləri diqqətli olmağa çağırıram”.

C. Əliyev gələcəkdə digər stansiyalarda da Müştəri Xidmətlərinin yaradılacağını istisna etməyib: “Gələcəkdə metroda, o cümlədən avtobuslarda genişlənmə, sərnişin çoxluğu olarsa, digər stansiyalarda da Müştəri Xidmətləri yaradıla bilər. Ancaq hazırda belə bir plan yoxdur. Layihənin indiki mərhələsində Müştəri Xidmətləri metronun 4 stansiyasında saat 07:30-dan 22:00-dək fəaliyyət göstərir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR