Azərbaycan və Rusiya parlamentlərinin sədrləri arasında görüş keçirilib

Azərbaycan və Rusiya parlamentlərinin sədrləri arasında görüş keçirilib
# 20 may 2016 01:11 (UTC +04:00)

Moskva. Fərid Əkbərov - APA. Rusiyanın şimal paytaxtında keçirilən MDB Parlamentlərarası Assambleyası Şurasının iclasında iştirak edən Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədovla Rusiya Dövlət Dumasının sədri Sergey Narışkin arasında görüş keçirilib.

APA-nın Rusiya bürosunun məlumatına görə, görüşdə parlamentlərarası əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi aparılıb.

Sergey Narışkin ölkələrimizin parlamentləri arasında əlaqələrin yüksək səviyyədə olduğunu söyləyib. Aprelin 19-da Moskvada keçirilən Avrasiya ölkələri parlament spikerlərinin birinci iclasında yaxından iştirakına görə Azərbaycan parlamentinin sədrinə təşəkkürünü bildirən Duma sədri bu cür görüşlərin uğurla davam etdiriləcəyinə əmin olduğunu qeyd edib.

Sergey Narışkin bu ilin sentyabrında Rusiyada keçiriləcək parlament seçkilərinə hazırlığın gedişi barədə azərbaycanlı həmkarına məlumat verib.

Milli Məclisin sədri Oqtay Əsədov isə çıxışında Azərbaycanın və Rusiyanın parlamentləri arasında əlaqələrin inkişafından danışıb. O, ölkə başçılarının səyləri nəticəsində münasibətlərimizin strateji əməkdaşlıq səviyyəsinə qalxdığını, nümayəndə heyətlərimizin səfərləri zamanı 200-dən çox sənəd imzalandığını, daha 51 sənədin isə imzalanmağa hazırlandığını söyləyib.

Oqtay Əsədov Rusiya Dövlət Dumasına keçiriləcək növbəti seçkilərdə Milli Məclisin müşahidəçilər qrupunun yaxından iştirak edəcəyini də qeyd edib: "Azərbaycanın Rusiyadakı böyük diasporunun nümayəndələri daim Rusiya dövlətçiliyini dəstəkləyib, iki ölkə arasında bütün sahələrdə əlaqələrin inkişafına öz töhfələrini veriblər".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR