Yadigar Sadıqov: “Tofiq Yaqublunun təşəbbüsünün müsbət nəticələnəcəyini düşünmürəm”

Yadigar Sadıqov: “Tofiq Yaqublunun təşəbbüsünün müsbət nəticələnəcəyini düşünmürəm”
# 12 may 2016 11:27 (UTC +04:00)

Bakı. Etibar Məmmədov – APA. “AXCP əlində olan vasitələrdən ilk növbədə Müsavata qarşı istifadə etmək niyyətində olduğu üçün əməkdaşlıqda maraqlı deyil”.

Bunu APA-ya açıqlamasında Müsavat Partiyası başqanının müavini Yadigar Sadıqov təmsil etdiyi partiyanın başqan müavini Tofiq Yaqublunun Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) ilə əməkdaşlıqla bağlı apardığı danışıqlara münasibət bildirərkən deyib. O, danışıqların perspektivinə inanmadığını söyləyib: “Siyasi partiyalar arasında əməkdaşlığa həmişə lüzum var. İstər siyasətdə, istərsə də başqa sahələrdə qüvvələr birləşəndə yüksək nəticə əldə etmək olur. Ancaq mən Müsavatın AXCP ilə əməkdaşlıq cəhdlərinin perspektivinə inanmıram. AXCP rəhbərliyinin tutduğu mövqe ucbatından Tofiq Yaqublunun təşəbbüsünün müsbət nəticələnəcəyini düşünmürəm. Tofiq Yaqublu bu məsələdə israr etdiyinə görə, Arif Hacılı da müxalifətin birliyinə qarşı olmadığını göstərmək üçün ona danışıqlar aparmağa səlahiyyət verdi. Amma mən inanmıram ki, Arif Hacılı da bu məsələdə optimistdir, sadəcə, Tofiq Yaqublunun təşəbbüslərini boğmaq istəmədiyi üçün belə bir addım atdı”.

Y. Sadıqovun sözlərinə görə, indiki durumda AXCP özünü üstün hesab edir və Müsavatı arxa plana keçirməyə çalışır: “Çünki müəyyən səbəblərdən Müsavat Partiyası bir qədər öz tribunalarını itirmiş vəziyyətdədir və təbliğat imkanları zəifdir. AXCP-nin isə tam nəzarətində olan media orqanları var. Onlar bu üstünlükdən istifadə edib, Müsavatı arxa plana çəkməyə, özlərini əsas və yeganə müxalifət təşkilatı kimi qələmə verməyə çalışırlar. Əgər hər hansı bir əməkdaşlıq barədə razılığa gəlinərsə, artıq “Azadlıq” qəzeti Müsavatın əleyhinə təbliğat apara bilməyəcək. Hətta Müsavata etika xatirinə yer ayırmaq məcburiyyətində də qalacaq. Bu baxımdan hesab edirəm ki, AXCP buna yol verməmək üçün əməkdaşlığın tərəfdarı deyil, əksinə, əlində olan vasitələrdən ilk növbədə Müsavata qarşı istifadə etmək niyyətindədir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR