“Qarabağ” klubunun daha iki potensial rəqibi müəyyənləşib

“Qarabağ” klubunun daha iki potensial rəqibi müəyyənləşib
# 16 may 2016 07:52 (UTC +04:00)

Bakı – APA. İyunun 20-də İsveçrənin Nyon şəhərində keçiriləcək Çempionlar Liqasının ilk iki təsnifat mərhələsinin püşkatmasına qatılacaq daha 4 komanda müəyyənləşib. Apasport.az saytının məlumatına görə, artıq Avropanın ən nüfuzlu klub turnirinə erkən qoşulacaq 38 ölkənin ən yaxşılarından 31-i bəllidi.

Çempionluğunu yeni bayram edən klublardan ikisi – “Legiya” (Polşa) və “Ludoqorets” (Bolqarıstan) II təsnifat mərhələsində səpələnmişlər səbətində olacaq. Bu üzdən də onlar eyni səbətdə yer alan Azərbaycan çempionu “Qarabağ”la ən yaxşı halda, III təsnifat mərhələsində görüşəcək. Çünki onların mübarizəyə başlayacağı 2-ci raundda üz-üzə gəlməsi mümkün deyil.

Reytinqinə görə, güclülərin yer aldığı səbətdə qərarlaşan Ağdam klubunun potensial rəqibləri sırasına isə Balkan təmsilçiləri əlavə olunub. Sloveniya çempionu olan “Olimpiya” və Monteneqronun ən yaxşısı “Mladost” təmsilçimizlə II təsnifat mərhələsində görüşə bilər.

Bununla, Qurban Qurbanovun yetirmələrinin bu mərhələdəki ilk rəqibi olmağa namizədlərin siyahısı 10-a çatıb. Çünki sabiq Yuqoslaviya təmsilçilərinədək 8 belə komanda bəlli idi.

Qeyd edək ki, I təsnifat mərhələsinin 8 iştirakçısından 6-sı, birbaşa II təsnifat mərhələsinə qatılacaq 30 klubdan isə 25-i məlumdu. Lakin zəiflərdən birinin, sonunculardan üçünün hansı səbətdə yer alacağı dəqiqləşməyib.

Çempionlar Liqası

I təsnifat mərhələsi

Səpələnmişlər: TNS (Uels), “Flora” (Estoniya), “Valletta” (Malta)

Səpələnməmişlər: “Torshavn” (Farer adaları), “Linkoln” (Cəbəllütariq), San-Marino çempionu

Qeyri-müəyyənlər: “Santa Koloma” (Andorra), Ermənistan çempionları

II təsnifat mərhələsi

Səpələnmişlər: “Zalsburq” (Avstriya), “Seltik” (Şotlandiya), APOEL (Kipr), BATE (Belarus), “Legiya” (Polşa), “Dinamo” (Zaqreb, Xorvatiya), “Ludoqorets” (Bolqarıstan), “Qarabağ” (Azərbaycan), “Rusenborq” (Norveç), “Astana” (Qazaxıstan), “Srvena Zvezda” (Serbiya), “Dinamo” (Tiflis, Gürcüstan), “Hafnarfyorfur” (İslandiya)

Səpələnməmişlər: “Olimpiya” (Sloveniya), “Ferensvaroş” (Macarıstan), “Vardar” (Makedoniya), “Dandalk” (İrlanaiya), SJK (Finlandiya), “Liepaya” (Latviya), “Norçepinq” (İsveç), “Kruzaders” (Şimali İrlandiya), “Zrinski” (Bosniya və Herseqovina), “Mladost” (Monteneqro)

Qeyri-müəyyənlər: “Jalgiris” (Litva), “Trençin” (Slovakiya), İsrail, Moldova, Danimarka, Bolqarıstan, Lüksemburq, Albaniya çempionları, I təsnifat mərhələsinin 2 qalibi

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR