Mübariz Qurbanlı: “Azərbaycan ərazi bütövlüyünü ordusunun köməyi ilə bərpa etmək məcburiyyətində qalacaq”

Mübariz Qurbanlı: “Azərbaycan ərazi bütövlüyünü ordusunun köməyi ilə bərpa etmək məcburiyyətində qalacaq”
# 24 may 2016 09:42 (UTC +04:00)

Bakı. Mübariz Aslanov – APA. “Azərbaycan Ordusu qüdrətini göstərərək erməni qəsbkarlarına layiqli cavab verdi. Azərbaycan güclü orduya malikdir və hər an torpaqlarını erməni işğalından azad etməyə hazırdır. Lakin rəsmi Bakı sülh tərəfdarı olduğu üçün işğal altındakı torpaqlarının qan tökülmədən, sülh yolu ilə azad edilməsinə çalışır. Ermənistan konstruktiv mövqe tutmasa, Azərbaycan ərazi bütövlüyünü ordusunun köməyi ilə bərpa etmək məcburiyyətində qalacaq”.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bunu Təbrizdə səfərdə olan komitə sədri Mübariz Qurbanlının İran İslam Respublikasının Şərqi Azərbaycan vilayətinin valisi İsmayıl Cabbarzadə ilə görüşündə bildirib. O qeyd edib ki, erməni təcavüzünə məruz qalan Azərbaycan daim İranın ölkəmizə dəstəyini hiss edib. Görüş zamanı komitə sədri Bakıda İran filmləri həftəsinin keçirildiyini xatırladaraq, iki ölkənin mədəniyyət əlaqələrinin möhkəmləndirilməsinin zəruriliyini qeyd edib. Bildirilib ki, Təbrizdə də Azərbaycan filmlərinin nümayiş etdirilməsi mədəni əlaqələrin inkişafına səbəb olar.

Görüşdə iştirak edən Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, Milli Məclisin mədəniyyət komitəsinin sədri Rafael Hüseynov rəhbərlik etdiyi muzeydə Təbrizin tarixinə və ədəbiyyatına dair guşə yaradılmasını təklif edib. Eyni zamanda, Təbrizin Tarix Muzeyində də Azərbaycanın tarixini və ədəbiyyatını əks etdirən eksponatlardan ibarət guşə yaradıla bilər. M.Qurbanlı deyib ki, Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə təsdiq edilmiş 2016-cı ilin Azərbaycanda “Multikulturalizm ili” elan edilməsinə dair tədbirlər planına uyğun olaraq Təbriz şəhərində “Radikalizmlə mübarizədə İslam həmrəyliyi” devizi altında “Azərbaycan - İslam mədəniyyətinin incisi” adlı fotosərgi açılıb. Sərgidə Azərbaycanda fəaliyyət göstərən və ermənilər tərəfindən işğal edilmiş Dağlıq Qarabağdakı məscidlər haqqında Təbriz ictimaiyyətinə geniş məlumat verilib. Bu fotosərgi Azərbaycanda dini dəyərlərə dövlət tərəfindən göstərilən diqqət və qayğını göstərir. İranın Şərqi Azərbaycan vilayətinin valisi İsmail Cabbarzadə Gəncə şəhərinə səfərini xatırlayaraq Azərbaycanın inkişaf etdiyini bildirib. İrəli sürülən təklifi yüksək qiymətləndirən vali yaxın aylarda Təbrizdə Gəncə günlərinin də keçiriləcəyini nəzərə çatdırıb. Qeyd olunub ki, mədəni əlaqələr xalqların yaxınlığına və ümumi inkişafa xidmət edir.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR