"Caspian European Club" SOCAR-ın vitse-prezidenti Tofiq Qəhrəmanovun iştirakı ilə biznes forum keçirib

"Caspian European Club" SOCAR-ın vitse-prezidenti Tofiq Qəhrəmanovun iştirakı ilə biznes forum keçirib
# 11 may 2016 14:53 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bu gün Bakıda "Caspian European Club"un növbəti biznes forumu baş tutub.


"APA-Economics" xəbər verir ki, biznes forumun qonağı SOCAR-ın strateji inkişaf üzrə vitse-prezidenti Tofiq Qəhrəmanov olub.

Tədbiri giriş sözü ilə açan “Caspian European Club”un baş icraçı direktoru Telman Əliyev bildirib ki, klub 2002-ci ildə yaradılıb və yarandığı gündən ona Azərbaycan prezidenti İlham Əliyev sədrlik edir. O qeyd edib ki, klubun əsas məqsədlərindən biri neft-qaz sektorundan əldə olunan gəlirləri qeyri-neft sektoruna cəlb etmək, dövlət-biznes əlaqələrini inkişaf etdirməkdir: “Hazırda klub çərçivəsində bir neçə klublar fəaliyyət göstərir və sahə klubların rəhbərləri hamısı Azərbaycan, habelə regional şirkətlərin rəhbərləridir".

T. Əliyev vurğulayıb ki, klubun məqsədlərindən biri də bu cür görüşlər təşkil edərək kluba üzv olan özəl şirkətlərin rəhbərləri ilə dövlət qurumlarının rəsmiləri arasında təmas yaratmaqdır, onlara bir-birilərini dinləməyə imkan yaratmaqdır.

Daha sonra çıxış edən T. Qəhrəmanov Azərbaycanda həyata keçirilən neft-qaz siyasətindən geniş danışıb. O, SOCAR-ın gələcəkdə əsas emal sahəsi olan OGPC layihəsi barədə ətraflı söz açıb.

SOCAR rəsmisi şirkətin Türkiyədə emal sahələrindən biri olan STAR neft emalı zavodu, Azərbaycan qazını Avropaya çatdıracaq TANAP layihəsi və digər layihələr barədə danışıb.

Sonra T. Qəhrəmanova "Caspian European Club"un sertifikatı təqdim olunub. Daha sonra tədbirdə bir sıra məsələlər ətrafında müzakirələr aparılıb. İş adamları suallarını SOCAR rəsmilərinə ünvanlayıblar.

Qeyd edək ki, tədbirdə bir sıra xarici ölkələrinin səfirləri, konsulları, diplomatik nümayəndəliklərin təmsilçiləri, müxtəlif sahələri əhatə edən şirkətlərin nümayəndələri, iş adamları iştirak ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR