ETSN: Leysan xarakterli yağışlar olarsa, daşqınlar istisna olunmur

ETSN: Leysan xarakterli yağışlar olarsa, daşqınlar istisna olunmur
# 20 may 2016 13:50 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Hazırda Azərbaycanın çaylarında gursululuq dövrü davam edir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin baş hidroloqu Asif Verdiyev APA-ya açıqlamasında deyib ki, normaya yaxın və normadan artıq sululuq hazırda Böyük və Kiçik Qafqazın çaylarında, normadan aşağı sululuq isə əsasən Naxçıvan Muxtar Respublikasının və Lənkəran-Astara bölgəsinin çaylarında müşahidə olunur. Onun sözlərinə görə, transsərhəd çaylardan Kür, Araz, Qanıx çaylarında isə normadan aşağı sululuq müşahidə olunmaqdadır.

A.Verdiyev vurğulayıb ki, ümumiyyətlə, ölkə ərazisində gözlənilən yağışlarla əlaqədar suyun səviyyəsində kəskin artım yoxdur: “Ötən sutka ərzində Kiçik Qafqazın – Quba, Xaçmaz bölgəsindən axan çaylarında suyun səviyyəsində müəyyən dərəcədə artım olub. Hazırda çaylarda sabit sululuq müşahidə olunmaqdadır”.

Baş hidroloq əlavə edib ki, hər il may ayında çaylarda sel-daşqın hadisələri müşahidə olunur. Onun sözlərinə görə, yaxın 2-3 gün ərzində çaylarda elə bir dəyişiklik gözlənilmir. Yağan yağışlar, qarın əriməsi nəticəsində aprel-may-iyun ayının ilk yarısında çaylarda gursululuq dövrünün müşahidə edildiyini deyən A.Verdiyev əlavə edib ki, çaylarda quruma əsasən iyul-avqust aylarında qeydə alınır: “Azərbaycanda hələlik lokal leysan xarakterli yağışlar gözlənilmir. Əgər elə bir lokal leysan xarakterli yağışlar olarsa, qısa müddətli daşqınların olacağı istisna olunmur. May ayında əvvəlki illərdə də daşqın hadisələri müşahidə olunub. Bu aylarda yağan yağışlarla əlaqədar çaylarda suyun səviyyəsində müəyyən artım qeydə alınır, amma bunlar qısamüddətli olur”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR