Bakıda sərxoş sürücü zəncirvari qəza törədib

Bakıda sərxoş sürücü zəncirvari qəza törədib
# 26 may 2016 01:09 (UTC +04:00)

Bakı. Mahir Məmmədli-APA. Bakıda sərxoş sürücü zəncirvari qəzaya səbəb olub.

APA-nın məlumatına görə, hadisə Ziya Bünyadov prospektində baş verib.

Qara Qarayev prospekti istiqamətində yüksək sürətlə hərəkətdə olan “Mercedes markalı avtomobilin sürücüsü idarəetməni itirib. Nəticədə avtomobil qarşıda hərəkətdə olan VAZ-2107 markalı maşına arxadan çırpılıb. Zərbənin gücündən VAZ-2107 onun yanaşı hərəkət edən “Mercedes” markalı digər avtomobilə dəyib. Qəzaya səbəb olan “Mercedes”in sürücüsü avtomobili ilə hadisə yerindən uzaqlaşmağa çalışsa da, buna nail ola bilməyib. O, bir qədər getdikdən sonra avtomobili yol kənarında saxlayıb, ərazini piyada tərk edib.

Hadisə yerində yol-patrul xidməti əməkdaşları gəliblər. Hadisə yerindən qaçan sürücünün dostları polis əməkdaşlarını aldatmağa və onları avtomobili tamam başqa adamın idarə etdiyinə inandırmağa çalışıblar. Lakin ilkin araşdırma zamanı məlum olub ki, “Mercedes”i 1985-ci il təvəllüdlü Tağıyev Ruslan Rafikoviç idarə edib. Bir müddət sonra onun özü də hadisə yerinə qayıdıb və sərxoş olduğu üzə çıxıb. O, sərxoşluq dərəcəsinin təyin edilməsi üçün tibbi müayinəyə aparılıb.

VAZ-2107-nin sürücüsü Bahadur Nəzərov yüngül xəsarət alıb və təcili tibbi yardım briqadası ona hadisə yerində ilkin tibbi yardım göstərib.

Avtomobillər cərimə meydançasına yerləşdirilib. Faktla bağlı araşdırmalar davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR