ABŞ Konqresində “Yeni İpək Yolu” ilə bağlı müzakirə keçirilib

ABŞ Konqresində “Yeni İpək Yolu” ilə bağlı müzakirə keçirilib
# 30 aprel 2016 08:48 (UTC +04:00)

Bakı. Türbət Bağırova - APA. Aprelin 29-da Azərbaycan, Gürcüstan, Qazaxıstan və Türkiyənin ABŞ-dakı səfirliklərinin birgə təşkilatçılığı ilə ABŞ Konqresinin binalarından birində “Şərqi Asiya və Qərbi Avropanı birləşdirən Yeni İpək Yolu: İmkanlar və Qlobal Təsirlər” mövzusunda brifinq keçirilib.

Azərbaycanın ABŞ-dakı səfirliyindən APA-ya verilən məlumata görə, Vaşinqton şəhərində yerləşən ABŞ-Azərbaycan Ticarət Palatasının moderatorluğu ilə keçirilmiş brifinqdə Azərbaycan, Gürcüstan, Qazaxıstan və Türkiyənin dövlət qurumlarından olan nümayəndələr çıxış edib.

Tədbirdə Konqres üzvlərinin köməkçiləri, ABŞ federal dövlət strukturlarının, akademik dairələrin təmsilçiləri, habelə bir sıra mütəxəssislər də daxil olmaqla, ümumilikdə 50-yə yaxın şəxs iştirak edib. Bununla yanaşı, brifinq zamanı Transxəzər Şərq-Qərb Ticarət və Tranzit Dəhlizinin strateji əhəmiyyəti və rəqabətliliyi vurğulanıb, Azərbaycan və digər ölkələr tərəfindən həyata keçirilən infrastruktur layihələri, qeyd edilən dəhliz boyu ticarət və tranzit imkanları barədə tədbir iştirakçılarına ətraflı məlumat verilib.

Qeyd edək ki, bundan bir gün öncə Cons Hopkins Universitetində Transxəzər Şərq-Qərb Ticarət və Tranzit Dəhlizinin əhəmiyyətinə həsr olunmuş geniş tərkibli forum keçirilib. Bu forum çərçivəsində aparılmış müzakirələr və Azərbaycanın Gürcüstan, Türkiyə və Qazaxıstanla birgə regional əməkdaşlığı böyük maraqla qarşılanıb. Bu xüsusda, səfir Elin Süleymanovun 28 aprel tarixində ABŞ-ın nüfuzlu “The Washington Times” qəzetində “Müasir İpək Yolunun izi ilə” məqaləsi dərc edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR