Bakıda baş verən yol qəzası nəticəsində 6 nəfər xəsarət alıb

Bakıda baş verən yol qəzası nəticəsində 6 nəfər xəsarət alıb
# 28 aprel 2016 01:15 (UTC +04:00)

Bakı. Mahir Məmmədli-APA. Bakıda 6 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın məlumatına görə, yol qəzası paytaxtın Nəsimi rayonu ərazisində qeydə alınıb.

28 may küçəsi ilə Azadlıq prospektinin kəsişməsində “Mercedes” markalı iki avtomobil toqquşub. Daha sonra “Mercedes”lərdən biri yol kənarında dayanmış “Hyundai” markalı avtomobilə çırpılıb.

Qəza nəticəsində hər iki “Mercedes”in sürücüsü, eləcə də, Bakıya toyda iştirak etmək üçün gələn və hadisə zamanı Ağdama qayıdan bir ailənin üzvləri - 1961-ci il təvəllüdlü Əflatun Manafov, onun həyat yoldaşı, 1964-cü il təvəllüdlü Xırda Manafova, oğlu, 1990-cı il təvəllüdlü Elnur Manafov və onun həyat yoldaşı, 1991-ci il təvəllüdlü Ülviyyə Manafova xəsarət alıblar. Yaralılar təcili tibbi yardım briqadaları tərəfindən 1 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıblar. Onlardan 55 yaşlı Əflatun Manafov və gəlini Ülviyyə Manafovanın xəsarətləri daha ağırdır.

Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları hadisə yerində müayinələr aparıblar. İlkin ehtimala görə, taksi fəaliyyəti ilə məşğul olan “Mercedes” 28 May küçəsi ilə yüksək sürətlə hərəkətdə olarkən işıqforun qadağanedici işığına məhəl qoymayıb və Azadlıq prospekti ilə işıqforun yaşıl işığında hərəkətdə olan digər “Mercerdes”i vurub.

Faktla bağlı araşdırmalar davam etdirilir. Hadisənin dəqiq səbəbi təhqiqatın gedişində məlum olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR