Şəkidə “Türk dünyasının mədəniyyət paytaxtı - Şəki 2016” ilinin açılış mərasimi keçiriləcək

Şəkidə “Türk dünyasının mədəniyyət paytaxtı - Şəki 2016” ilinin açılış mərasimi keçiriləcək
# 25 aprel 2016 15:38 (UTC +04:00)

Şəki. Vüqar Heydərov-APA. Aprelin 28-də Şəkidə “Türk dünyasının mədəniyyət paytaxtı - Şəki 2016” ilinin təntənəli açılış mərasimi keçiriləcək.

Şəki rayon İcra Hakimiyyəti aparatından APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, TÜRKSOY-un Mədəniyyət nazirlərinin Daimi Şurasının 33-cü toplantısı çərçivəsində Türkmənistan Respublikasının Mari şəhərində keçirilən mədəniyyət məsələləri üzrə məsul nazirlərin toplantısında Şəki şəhəri 2016-cı il üçün Türk dünyasının mədəniyyət paytaxtı seçilib. Şəki Türk dünyasının mədəniyyət paytaxtı seçilən 5-ci şəhərdir.

Bununla əlaqədar Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi, Şəki Şəhər İcra Hakimiyyəti və TÜRKSOY-un birgə tədbirlər planı hazırlanıb. Tədbirlər planına uyğun olaraq il ərazində Şəkidə müxtəlif beynəlxalq festivalların, sərgilərin, tamaşaların, konsert proqramlarının, təntənəli açılış və bağlanış mərasimlərinin keçirilməsi, çoxsaylı xarici qonaqların qəbul edilməsi planlaşdırılır.

Tədbirlər planı ilə yanaşı “Şəki 2016-Türk Dünyasının Mədəniyyət Paytaxtı” Loqotipi də hazırlanaraq təsdiq edilib. Loqotipdə ölkəmizi və Şəki şəhərini simvolizə edən elementlərdən istifadə olunub.

“Türk dünyasının mədəniyyət paytaxtı - Şəki 2016” ilinin təntənəli açılış mərasimi şəhərin “Yuxarı Baş” Tarix-Memarlıq Qoruğunun ərazisində Qala divarları içərisində baş tutacaq. Burada Şərq bazarı, sərgilər, satış yarmarkaları təşkil olunacaq. Folklor və musiqi kollektivləri, el sənətkarları çıxış edəcək, Şəki mətbəxi nümayiş olunacaq.

Şəki “Yay Teatrı”nda tədbirin rəsmi açılış mərasimi keçiriləcək. Açılışda TÜRKSOY ölkələrinin folklor qrupları, ölkəmizin tanınmış incəsənət xadimləri çıxış edəcək. Tədbirdə həmçinin TÜRKSOY-a üzv olan ölkələrin mətbuat nümayəndələrinin mükafatlandırılması mərasimi keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR