Argentina saytı: Metsamor AES təkcə Qafqazın problemi deyil

Argentina saytı: Metsamor AES təkcə Qafqazın problemi deyil
# 18 may 2016 10:29 (UTC +04:00)

Bakı. Türbət Bağırova - APA. Argentinanın “Equilibriumglobal” portalında “Metsamor: yeni-köhnə nüvə təhlükəsi?” adlı geniş məqalə dərc edilib.

APA-nın xəbərinə görə, yazıda bildirilir ki, Metsamor AES sovet dövründə tikilib, mümkün qəza ehtimalı qarşısında kövrəkdir və mexanizmləri risk təhlükəsinə malikdir: "Metsamor Ermənistanın paytaxtı Yerevandan yalnız 36 km məsafədə, eyni adlı şəhərdə yerləşən, SSRİ dövründə tikilmiş atom elektrik stansiyasıdır. Təxminən 30 il istifadə müddəti olan iki bazalt reaktoru ölkəni 1976 və 1980-ci illərdə enerji ilə təchiz edib. Regionun yüksək seysmikliyi ilə əlaqədar ilk reaktorun qurulmasından etibarən risk mövcud idi. 80-ci illərdə daha iki reaktorun quraşdırılması nəzərdə tutulmuşdu, lakin Çernobıl faciəsindən sonra bu, baş tutmadı. Qeyd etmək vacibdir ki, 1988-ci ildə Ermənistanda ən azı 25 min adamın ölümü ilə nəticələnmiş güclü zəlzələ baş verib. Hadisə ölkənin şimal-şərqində baş verib, onun nəticəsində AES zədələnməyib və fəaliyyətini davam etdirib. Buna baxmayaraq, növbəti ildə zəlzələ nəticəsində seysmikliklə bağlı yaranmış təhlükəsizlik problemləri səbəbindən AES bağlanıb”.

Yazıda Metsamor AES-in törətdiyi risklər barədə geniş məlumat verilib: “Risklərdən birincisi coğrafi xarakter daşıyır. Yuxarıda qeyd olunduğu kimi, Metsamor Ermənistandakı 6,9 ballıq zəlzələdən sonra bağlanıb. Fukuşima hadisəsi göstərdi ki, seysmik aktivliklə bağlı risklər diqqətdən kənarda saxlanıla bilməz. Metsamor şəhəri Türkiyə və Gürcüstanın şərq sərhədlərinin yaxınlığında yerləşir. Təhlilçilərin və mütəxəssislərin fikrincə, Metsamorda bircə təbii fəlakət bu regionların qısa müddət ərzində yüksək radioaktivliyə məruz qalmasına gətirib çıxara bilər. Bu nüvə stansiyasının seysmik cəhətdən və ölkənin maliyyə problemləri səbəbindən təhlükəsizliyi narahatlıq doğuran yeganə məsələ deyil. Metsamor ətrafında digər problemlər reaktiv və nüvə materiallarının qaçaqmalçılığı, nüvə tullantılarının qeyri-qanuni daşınması, Ermənistan ərazisindən yüksək zənginləşdirilmiş uranın və sezium-137 maddəsinin qaçaqmalçılığıdır. Belə ki, Gürcüstanda Yaxın Şərq regionuna 200 milyon ABŞ dolları məbləğində uran-238 maddəsinin satışını planlaşdıran və bu stansiyanın işçiləri olan şəxslərin həbsinə dair məlumatlar var. Nəzarətin yoxluğu və qeyri-qanuni fəaliyyəti həyata keçirən qruplar təhlükə mənbəyidir. Belə ki, bu maddələr “çirkli bombalar” və partlayış zamanı radioaktivliyi artıran digər dağıdıcı materialların hazırlanmasında istifadə oluna bilər. Bu baxımdan radioaktiv maddələr həmçinin zərərli məqsədlər üçün istifadə oluna bilər. Nəzarətsiz radioaktiv mənbələr eyni zamanda ətraf mühitə və insan sağlamlığına zərər vurmaq potensialına malikdir. Onların qeyri-qanuni dövriyyəsi və diqqətdən kənarda saxlanılması ağır ekoloji və iqtisadi nəticələrə gətirib çıxara bilər. Bu, artıq yalnız Qafqazın problemi deyil".

Məqalədə deyilir ki, 2010-2011-ci illər ərzində Avropa İttifaqı Metsamor AES-in 2016-cı ilə qədər bağlanması ilə bağlı çağırışlar edib: "Yeddi il əvvəl Aİ-nin nümayəndəsi həmin stansiyanı bütün region üçün təhlükə adlandırıb və Metsamorun bağlanmasının maliyyələşdirilməsi üçün 200 milyon avro ayrılması təklifini irəli sürüb. Lakin Ermənistan AES-in ölkə enerjisinin 40%-ni verdiyini nəzərə alaraq təklifi rədd edib. Aİ onu Şərqi Avropada və keçmiş SSRİ məkanında qurulmuş bütün sovet reaktorları arasında “ən qədim və ən az etibarlı” stansiya kimi xarakterizə edib. Bu narahatlıq Avropa Şurasının müxtəlif sənədlərində öz əksini tapıb. Aİ-nin Ermənistandakı keçmiş nümayəndəsi Traian Hristea Avropa Qonşuluq Siyasəti ilə bağlı məlumat təqdim edərkən bildirib ki, ziddiyyət aradan qaldırılana qədər Metsamorun gələcəyi tərəflər arasında münasibətlər gündəmində vacib mövzulardandır. Metsamorun quruluşu Aİ-yə daxil olmamışdan qabaq Bolqarıstan və Slovakiyada bağlanması tələb olunmuş atom elektrik stansiyaları ilə eynidir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR