Keçmiş müstəntiq Rüfət Səfərovun cinayət işi üzrə məhkəmə istintaqı başlayıb

Keçmiş müstəntiq Rüfət Səfərovun cinayət işi üzrə məhkəmə istintaqı başlayıb
# 08 avqust 2016 13:07 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bu gün Lənkəran Ağır Cinayətlər Məhkəməsində Zərdab rayon Prokurorluğunun sabiq müstəntiqi Rüfət Səfərov barəsində cinayət işi üzrə məhkəmə prosesi davam edib.

Bu barədə APA-ya R. Səfərovun vəkili Bəhruz Bayramov məlumat verib.

Vəkil qeyd edib ki, hakim Asim Hacıyevin sədrliyi ilə keçirilən iclasda məhkəmə istintaqının başlanıldığı elan edilib. Dövlət ittihamçısı ittiham aktını elan edib. R. Səfərov isə ittihamı qəbul etmədiyini deyib. Daha sonra iclasda şahidlər dindirilib.

Proses sentyabrın 7-də davam etdiriləcək.

Qeyd edək ki, bu il yanvarın 15-də Binəqədi rayon Məhkəməsinin qərarı ilə R. Səfərov barəsində 4 ay müddətinə həbs-qətimkan tədbiri seçilib. Həmin qərardan məhkəməyə müraciət olunaraq həbs qərarının ev dustaqlığı ilə əvəz olunması istənilib. Yanvarın 22-də onun müraciətinə Binəqədi rayon Məhkəməsi tərəfindən baxılıb və barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı ilə əvəzlənib.

R. Səfərov Cinayət Məcəlləsinin 311-ci (rüşvət alma) maddəsi ilə təqsirləndirilir.

Xatırladaq ki, R. Səfərov Müdafiə Nazirliyinin mətbuat xidmətinin keçmiş rəisi Eldar Sabiroğlunun oğludur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR