Azərbaycanlı tədqiqatçı “Xocalı- Gədəbəy mədəniyyəti”nə dair faktların Avropada saxtalaşdırıldığını aşkar edib

Azərbaycanlı tədqiqatçı “Xocalı- Gədəbəy mədəniyyəti”nə dair faktların Avropada saxtalaşdırıldığını aşkar edib
# 09 may 2016 20:09 (UTC +04:00)

Bakı-APA. Azərbaycanlı tədqiqatçı, Qafqaz tədqiqatları İnstitutunun direktoru Nuridə Atəşi “Xocalı- Gədəbəy mədəniyyəti”nə dair faktların Avropada saxtalaşdırılması ilə bağlı araşdırmalarını təqdim edib.

APA-nın xəbərinə görə, tədqiqatçı 10 ilə yaxın Qafqaz, Rusiya və Avropa muzeylərində, arxiv və fondlarında apardığı araşdırmalar nəticəsində Xocalı-Gədəbəy mədəniyyətinə aid qeyri-obyektiv elmi məqalələr yazıldığını aşkar edib.

O, bu mədəniyyətə aid alman, ingilis, fransız və rus dillərində yazılmış tədqiqat əsərlərini müqayisə edərkən mövcud tarixşünaslıqda bir-biri ilə kəskin surətdə fərqlənən bir neçə elmi yanaşmanı müəyyənləşdirib. Tədqiqatçı eyni zamanda Rusiya, Almaniya, Fransa və digər ölkələrin arxiv və fondlarında indiyə qədər dünya elminə məlum olmayan bir neçə yeni kolleksiya nümunəsini də aşkar edib.

Xocalı-Gədəbəy mədəniyyətinin indiyə qədər qərəzli, qeyri-obyektiv yazıldığını nəzərə alaraq N. Atəşi beynəlxalq elmi nəşrlərdə və beynəlxalq konfranslarda bu problemi dünya elmi ictimaiyyətinin diqqətinə çatdırır və tədqiq olunmasını tələb edir.

Qeyd edək ki, Xocalı-Gədəbəy mədəniyyəti nümunələri ilə zəngin olan Avropa muzeylərindən biri Almaniyanın Berlin şəhərindəki Erkən və Qədim Tarix Muzeyidir. 2012-ci ildən bəri bu muzeyin fondunda geniş tədqiqatlar aparan N. Atəşi bir neçə yeni kolleksiya aşkar etməklə bərabər son 180 ildən bu günə qədər onlarla alman elmi nəşrlərində, muzey kataloqlarında Xocalı-Gədəbəy mədəniyyəti, xüsusilə də Qarabağ tarixinin qeyri-obyektiv yazıldığını müəyyən etmiş, həmçinin onlarla tarixi, coğrafi, arxeoloji və antropoloji nöqsanları aşkara çıxarıb.

Tədqiqatçı Xocalı-Gədəbəy mədəniyyəti nümunələrinin Almaniya muzeylərində yenidən tədqiqini, əsasən də Azərbaycan tarixinin və mədəniyyətinin obyektiv və müasir elmin tələbləri çərçivəsində araşdırılmasını təmin etmək məqsədilə beynəlxalq layihə hazırlayaraq həm Almaniyanın, həm də Azərbaycanın aidiyyatı qurumlarına təqdim edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR