Azərbaycan prezidenti Qazaxıstan parlamentinin nümayəndə heyətini qəbul edib

Azərbaycan prezidenti Qazaxıstan parlamentinin nümayəndə heyətini qəbul edib
# 25 aprel 2016 16:22 (UTC +04:00)

Bakı – APA. Azərbaycan prezidenti İlham Əliyev Qazaxıstan parlamenti Senatının sədri Kasım-Jomart Tokayevin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

APA-nın məlumatına görə, BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumuna toxunan qonaq müasir böhranlı dövrdə Forumun ideya və məqsədlərinin böyük əhəmiyyət daşıdığını və Birləşmiş Millətlər Təşkilatının belə bir tədbirinin Bakıda keçirilməsinin önəmini vurğulayıb.

Dövlət başçısı isə bildirib ki, BMT-nin Sivilizasiyalar Alyansının növbəti Forumunun Bakıda keçirilməsi ölkəmizin sivilizasiyalararası dialoq çərçivəsində fəaliyyətinə verilən qiymətin nəticəsidir. Prezident İlham Əliyev Azərbaycanda bu istiqamətdə görülən işlərin, keçirilən tədbirlərin xalqların yaxınlaşması və qarşılıqlı anlaşmanın möhkəmləndirilməsi işinə xidmət etdiyini vurğulayıb.

Azərbaycan prezidenti Qazaxıstan prezidenti Nursultan Nazarbayevlə bu yaxınlarda İstanbulda İslam Əməkdaşlıq Təşkilatının növbəti sammitində görüşünü məmnunluqla xatırlayıb. BMT-nin Sivilizasiyalar Alyansının Bakıda keçirilən VII Qlobal Forumunda Qazaxıstanın bu cür yüksək səviyyədə təmsil olunmasına görə minnətdarlıq edən dövlət başçısı bunu Qazaxıstanın həm Forumda müzakirə ediləcək məsələlərə olan marağının, həm də Azərbaycana münasibətinin yaxşı göstəricisi kimi dəyərləndirib. Qazaxıstan parlamenti Senatının sədrinin böyük nümayəndə heyəti ilə ölkəmizə səfərindən məmnunluğunu ifadə edən dövlət başçısı tədbirin maraqlı müzakirələrin aparılması və ölkələrimiz arasında ikitərəfli münasibətlərin gündəliyinin nəzərdən keçirilməsi üçün yaxşı imkan yaradacağına ümidvar olduğunu deyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR