Təhsil Nazirliyinin Respublika Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzinə yeni direktor təyin olunub

Təhsil Nazirliyinin Respublika Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzinə yeni direktor təyin olunub
# 25 fevral 2015 08:33 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. Təhsil Nazirliyi tərəfindən yeni kadr təyinatı edilib.

Nazirliyin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, Təhsil Nazirliyinin Respublika Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzinə yeni direktor təyin olunub.

Mərkəzin yeni direktoru 1990-cı ildə Bakı Dövlət Universitetinin biologiya fakültəsini bioloq, biologiya və kimya müəllimi ixtisası üzrə bitirən Firuzə Sultanzadədir. F.Sultanzadənin elmi və beynəlxalq təşkilatlarla iş təcrübəsi gənc nəslin ekoloji biliklərinin artırılmasında yeni yanaşmaların tətbiqinə, Respublika Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzinin və ümumilikdə ekoloji mərkəzlərin işinin müasir dövrün tələbləri səviyyəsində qurulmasına töhvə vermiş olacaq.

Biologiya elmləri namizədi F.Sultan-zadə 1997-2011-ci illərdə Bakı Dövlət Universitetinin “Onurğalılar zoologiyası və bioekologiya” kafedrasında müəllim, baş müəllim, dosent vəzifələrində işləyib, 2011-ci ildən “Bioekologiya” kafedrasında ekologiya və torpaqşünaslıq fakültəsində dosent vəzifəsində çalışır. 40 elmi əsərin, 15 dərslik və dərs vəsaitinin müəllifidir.

1999-ci ildən elmi-ictimai “EkoSfera” Sosial-Ekoloji Mərkəzinin rəhbəridir. 2000-2015-ci illər ərzində ekoloji təhsil və maarifləndirmə, Azərbaycanın mədəni və təbii irsinin qorunması, muzey pedaqogikası, ekoloji və mədəni uşaq və gənclər üçün interaktiv turizmin inkişafı, xüsusi mühafizə olunan təbiət ərazilərinin idarəçiliyi, biomüxtəlifliyin və aqrobiomüxtəlifliyin mühafizəsi sahəsində 60-dan çox milli və beynəlxalq ekoloji layihənin müəllifi və koordinatoru olub.

Ekoloji və mədəni turizm sahəsində çalışan F.Sultanzadə Dünya Bankının “Mədəni irsin qorunması” layihəsi çərçivəsində də icma inkişafı üzrə mütəxəssis işləyib. 1999-cu ildən UNESCO-nun Azərbaycanın təbii və mədəni irsinin qorunması və muzey pedaqogikasının inkişafı sahəsində ekspertidir. Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğunun ərazisində yaradılan Etno-Ekoloji Mərkəzin rəhbəridir. Ətraf mühitin mühafizəsi və ictimai fəaliyyətinə görə “Dədə Qorqud” Milli Fondu tərəfindən “Qızıl ürək” ordeni, eləcə də Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Fəxri fərmanı ilə təltif edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR