Tarix İnstitutu: Təhsil Problemləri İnstitutunun ittihamlarını qəbul etmirik

Tarix İnstitutu: Təhsil Problemləri İnstitutunun ittihamlarını qəbul etmirik
# 21 iyul 2015 14:19 (UTC +04:00)

AMEA-nın A. A. Bakıxanov adına Tarix İnstitutunun mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, Tarix İnstitutu bu məsələdə Təhsil Problemləri İnstitutunun (TPİ) əməkdaşı tərəfindən iyulun 10-da Facebook sosial şəbəkəsinin “Tarix müəllimləri” qrupunda təqdim olunmuş “Tarix müəllimləri və tarixçilərin nəzərinə!” başlığı ilə 7 bənddən ibarət təkliflərinə istinad edib: “Həqiqətən də iyulun 10-da Təhsil Problemləri İnstitutunda bu məsələyə həsr olunmuş müzakirə keçirilib. Qeyd olunan iclasda Təhsil Problemləri İnstitutunun direktor müavini Ənvər Abbasov, İnstitutunun Təhsil nəzəriyyəsi şöbəsinin müdiri İntiqam Cəbrayılov, Təhsil Nazirliyində Milli qiymətləndirmə proqramının koordinatoru Nəzakət Mehdiyeva, İnstitutun Monitorinq və qiymətləndirmə şöbəsinin böyük elmi işçisi Sevil Bəhramova və bir neçə tarix müəllimləri - Ofeliya Musayeva, Nazim Zeynalov, Ramiz Hüseynov, Leyla Hüseynova, Röya Yaqubova, Lalə Əsədova iştirak ediblər. İclasda direktor müavini geniş çıxış edərək, bir neçə fənlərin artıq birləşdirildiyini qeyd edib və dünya təcrübəsini əsas göstərərək “Azərbaycan tarixi” fənninin “Tarix” adı altında dünya ölkələrinin tarixi ilə birgə tədris olunmasını vacib bilib. İclasda təklif olunub ki, bu müzakirə ictimailəşdirilsin. Təhsil Problemləri İnstitutunun əməkdaşı 10 iyul saat 15:07-də iclasda sadalanan 7 təklifi konkret olaraq Facebookda ictimaiyyətin müzakirəsinə təqdim edib”.

Tarix İnstitutundan onu da bildiriblər ki, TPİ-nin Tarix İnstitutunu 10 iyul müzakirəsinə qarışmaqda ittiham etməsini ciddi qəbul etmirlər: “Çünki tarixçilər həm vətəndaş olaraq, Tarix İnstitutu isə öz mənəvi borcunu yerinə yetirərək “Azərbaycan tarixi”nin tədrisi məsələsinə biganə qala bilməz. Hüquqi dövlətdə hər kəsin kütləvi İnformasiya vasitələrində öz mövqeyini bildirmək hüququ var. Təhsil Problemləri İnstitutu rəsmilərinin diqqətinə onu da çatdırmağı özümüzə borc bilirik ki, Təhsil haqqında Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsinin 2-ci bəndində “Vətəndaşların və təhsil müəssisəsi təsisçilərinin istəyi nəzərə alınaraq, xüsusi hallarda (Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr və ya müvafiq icra hakimiyyəti orqanı ilə razılaşma əsasında) ümumi təhsil müəssisəsində Azərbaycan dili, Azərbaycan ədəbiyyatı, Azərbaycan tarixi və Azərbaycan coğrafiyası fənləri tədris olunmaqla tədris müvafiq dövlət təhsil standartları əsasında digər dillərdə də aparıla bilər” yazılıb.

AMEA Tarix İnstitutu “Azərbaycan tarixi” ilə bağlı istənilən məsələyə münasibət bildirərkən məhz ölkəmizin qüvvədə olan Təhsil Qanuna əsaslanıb. Güman edirik ki, müvafiq təhsil rəsmiləri haqlı mövqe sərgilədiyi üçün bir daha AMEA Tarix İnstitutunu ittiham etməyəcəklər”.

TPİ-nin direktoru Qulu Novruzov APA-ya açıqlamasında “Azərbaycan tarixi” fənninin tədrisinin ləğvi olunmasının heç vaxt müzakirə mövzusu olmadığını bildirib: “Bir daha rəsmi şəkildə bəyan edirəm ki, “Azərbaycan tarixi” fənninin tədrisinin ləğv olunması müzakirə obyekti olmayıb və bundan sonra da ola bilməz. Bizim məqsədimiz Azərbaycan tarixini məktəblərdə daha dərindən öyrətməkdir ki, məzunlar azərbaycanlı olmaqları, Azərbaycan tarixi və Azərbaycanın tarixi şəxsiyyətləri ilə daha çox fəxr etsinlər. Bax, müzakirələr bunun ətrafındadır”.

Q. Novruzov artıq məsələ ilə bağlı Tarix İnstitutunun direktoru Yaqub Mahmudovla əlaqəyə saxladığını qeyd edib: “Mən Yaqub müəllimlə mövzu ətrafında danışdım. Bütün məsələlərə aydınlıq gətirdik. Artıq anlaşılmayan heç bir məsələ yoxdur. Bu gündən bu məsələyə son qoyulacaq”.

Qeyd edək ki, bir müddət əvvəl AMEA A. A. Bakıxanov adına Tarix İnstitutu iyulun 10-da TPİ-da keçirilən toplantıda “Azərbaycan tarixi” fənninin “Ümumi tarix” fənninin tərkibində - dünya ölkələrinin tarixi ilə birgə tədrisi məsələsinin müzakirəyə çıxarılması haqqında məlumat yayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR