Əflatun Amaşov Tiflisdə keçirilən beynəlxalq konfransda iştirak edib

Əflatun Amaşov Tiflisdə keçirilən beynəlxalq konfransda iştirak edib
# 02 iyul 2015 13:14 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. Gürcüstanın paytaxtı Tiflisdə Avropa Birliyi və Avropa Şurasının birgə layihəsi çərçivəsində söz azadlığı və medianın özünütənzimləmə məsələlərinə həsr olunmuş beynəlxalq konfrans keçirilib. Mətbuat Şurasından APA-ya verilən xəbərə görə, Müstəqil Dövlətlər Birliyinin medianın özünütənzimləmə qurumları şəbəkəsinin təşkilatçılığı ilə baş tutmuş toplantıda Mətbuat Şurasının sədri Əflatun Amaşov və Şuranın İdarə Heyətinin üzvü, Demokratik Jurnalistlər Liqasının sədri Yadigar Məmmədli iştirak edib.

Toplantıda şəbəkəyə üzv təşkilatların ötən müddətdə gördükləri işlər barədə hesabatlar dinlənilib. Ə. Amaşov rəhbərlik etdiyi qurumun fəaliyyəti ilə bağlı məruzə edib, ölkəmizdə söz və ifadə azadlığına dair spesifik məqamlardan söhbət açıb.

Şura sədri bildirib ki, internet media resurslarının sürətlə artdığı hazırkı şəraitdə onların ictimai tənzimlənməsinə də həssas yanaşılmalıdır: “I Avropa Oyunları müstəvisində Azərbaycana təzyiq cəhdlərinin şahidi olduq. İdman hadisəsini əsassız olaraq söz və ifadə azadlıqları kontekstinə daşıma meyllərini gördük. Əlbəttə belə hallar oyunların ümumi ab-havasına təsir göstərə bilməzdi. Hər bir halda düşünürük ki, söz və ifadə azadlığı bir meyardırsa, bu meyar alətə çevrilməməlidir”.

Toplantıda azərbaycanlı nümayəndələr I Avropa Oyunlarının işıqlandırılması xüsusiyyətlərinə dair sualları cavablandırıblar. Ə. Amaşov oyunların Azərbaycan jurnalistləri üçün də mühüm təcrübə olduğunu vurğulayıb, yerli medianın prosesdə aktiv iştirakından söz açıb.

Müzakirələrdə internetin geniş yayılması ilə yeni üsul və vasitələr əldə edən medianın daha dərindən təhlilinə, söz və ifadə azadlığına təhlükə yarada biləcək mümkün manipulyasiya vasitələrinin, o cümlədən plagiat hallarının aradan qaldırılması istiqamətində konkret tədbirlərə ehtiyac duyulduğu önə çəkilib, Müstəqil Dövlətlər Birliyinin medianın özünütənzimləmə qurumları şəbəkəsinin perspektiv fəaliyyət istiqamətlərinə nəzər salınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR