Azərbaycan Beynəlxalq Bankı uzunmüddətli əmanət qəbulunu dayandırıb

Azərbaycan Beynəlxalq Bankı uzunmüddətli əmanət qəbulunu dayandırıb
# 27 aprel 2015 15:44 (UTC +04:00)

Bakı. Musa Əhmədov – APA-Economics. Azərbaycan Beynəlxalq Bankı İdarə Heyətinin 17.04.2015-ci il tarixli qərarına əsasən, 21.04.2015-ci il tarixindən etibarən faizlərin ödənilməsi müddətinin sonunda nəzərdə tutulan əmanətlər (“Uşaq” əmanəti və 12 ay müddətinə yerləşdirilən digər əmanətlər istisna olmaqla) ləğv edilib.

Bankdan “APA-Economics”ə verilən məlumata görə, İdarə Heyətinin qərarı ilə Rusiya rublu valyutasında depozitlər (əmanətlər) də ləğv edilib.

Bundan başqa, yeni qərara görə, 100 000 manat (və ya digər valyutada onun ekvivalenti) və yuxarı məbləğdə hər bir depozit əqdi üzrə yerləşdirilən əmanətlərə müəyyən olunmuş faiz dərəcəsinə 0,5%-in əlavə edilməsi qüvvədən düşüb.

Üstəlik, “Qızıl depozit” və “Avans” əmanət növləri ləğv edilib.

“21.04.2015-ci il tarixindən əvvəl bağlanmış, faizlərin ödənilməsi müddətin sonunda nəzərdə əmanət müqavilələri müqavilə müddəti başa çatanadək qüvvədə qalır. Həmin müqavilələrin müddəti bitdikdən sonra müvafiq əmanətlərə faizlər hesablanmır və müqavilələrə xitam verilir. 21.04.2015-ci il tarixindən əvvəl bağlanmış “Qızıl depozit”, “Avans” və Rusiya rublunda əmanət müqavilələri müqavilə müddəti başa çatanadək qüvvədə qalır. Həmin müqavilələrin müddəti bitdikdən sonra müvafiq əmanətlərə faizlər hesablanmır və müqavilələrə xitam verilir”, - deyə qərarda bildirilib.

Bankdan o da qeyd olunub ki, əmanət müqaviləsi müddəti başa çatmamış əmanətçi tərəfindən ləğv edilərsə, əmanət üzrə hesablanmış faizlər ödənilmir. Əvvəl hesablanmış və əmanətçi tərəfindən artıq alınmış faizlər əmanətin ümumi məbləğindən çıxılır.

“Əgər müddət başa çatdıqdan sonra əmanətin məbləği əmanətçi tərəfindən tələb olunmayıbsa, müqavilə eyni müddətə uzadılmış hesab olunur, o şərtlə ki, bank müqavilənin müddətinin uzadılmasına razı olsun. Bank müqavilənin müddətinin uzadılmasına razı olmadıqda əmanətçinin əmanəti ona əvvəlcədən rəsmi xəbər verməklə geri qaytarılır”, -deyə məlumatda vurğulanıb.

Xatırladaq ki, Azərbaycan Əmanətlərin Sığortalanması Fondu Himayəçilik Şurasının qərarı ilə 2015-ci il fevral ayının 24-dən fond tərəfindən sığortalanan bank əmanətləri üzrə faiz dərəcələrinin yuxarı həddi illik 12%-dək (məbləği 30 000manat və ya onun ekvivalentində digər valyuta) təyin olunub.

Ətraflı məlumat almaq üçün aşağıda göstərilən telefon nömrələrinə zəng vurun və ya bankın Sizə yaxın olan filialına/şöbəsinə müraciət edin.

Azərbaycan Beynəlxalq Bankı, Mәlumat Mərkəzi:

(+ 99412) 437 7900 və ya *2265 (mobil rabitə operatorlarının abunəçiləri üçün)

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR