Ümumdünya Gömrük Təşkilatı Bakıda “Səlahiyyətli İqtisadi Operator” haqqında seminar keçirir

Ümumdünya Gömrük Təşkilatı Bakıda “Səlahiyyətli İqtisadi Operator” haqqında seminar keçirir
# 21 oktyabr 2014 13:56 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bu gün Ümumdünya Gömrük Təşkilatının (ÜGT) Bakıdakı Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisində “Səlahiyyətli İqtisadi Operator” haqqında seminar işinə başlayıb.

Dövlət Gömrük Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, gömrük əməkdaşlarının iştirakı ilə gerçəkləşən seminar Asiya İnkişaf Bankının (AİB) dəstəyi ilə keçirilir.

Seminarın açılış mərasimində Dövlət Gömrük Komitəsi sədrinin müavini Şahin Bağırov tədbirin təşkilində göstərdikləri dəstəyə görə ÜGT-yə və AİB-ə təşəkkürünü bildirib. O, Səlahiyyətli İqtisadi Operatorların (SİO) tətbiqinin Beynəlxalq ticarət zəncirinin təhlükəsizliyi baxımından önəmi haqqında danışıb. DGK sədrinin müavini vurğulayıb ki, SİO-ların fəaliyyətə başlaması mal və nəqliyyat vasitələrinin hərəkətinə normal şərait yaradacaq, ticarət dövriyyəsinin artmasına və biznes-gömrük, gömrük-biznes əlaqələrinin formalaşmasına müsbət təsir göstərəcək.

Ş. Bağırov bu sahədə yeni Gömrük Məcəlləsinin timsalında lazımi qanunvericilik bazasını hazırlandığını da iştirakçıların diqqətinə çatdırıb. SİO-ların ölkələr arasındakı ticarət əlaqələrinin formalaşmasında da mühüm rol oynayacağını qeyd edənkKomitə rəsmisi, seminarda SİO institutunun tətbiq edildiyi ölkələrin və ÜGT-nin bu sahədəki təcrübəsinin öyrəniləcəyini bildirib.

Seminarda çıxış edən AİB-in ölkəmizdəki daimi nümayəndəliyinin rəhbəri Olli Noroyono təmsil etdiyi qurumun SİO-larla bağlı prioritetlərindən danışıb.

ÜGT-nin nümayəndəsi Corc Kanton SİO-ların beynəlxalq ticarətin asanlaşması, təhlükəsizliyinin təmin olunması və gömrük-biznes əməkdaşlığının formalaşmasında müsbət rol oynayacağını vurğulayıb.

3 gün davam edəcək seminarda iştirakçılara ÜGT-nin nümayəndəsi Corc Kanton və SİO mütəxəssisi Qaitano Sassone tərəfindən SİO-ların Avropdakı statusu, SİO proqramlarında gələcək dəyişikliklər, SİO vəsaitləri və təlimatları, Gömrük Birliyində SİO proqramının icrası və bu sahədə Avropa İttifaqının təcrübəsi və digər mövzularda məlumatlar veriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR