Qaxda narkotik dövriyyəsi ilə məşğul olan üç nəfər tutulub

Qaxda narkotik dövriyyəsi ilə məşğul olan üç nəfər tutulub
# 25 fevral 2015 07:24 (UTC +04:00)

Qax. Vüqar Heydərov - APA. Qax rayonunda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan üç nəfər həbs edilib.

Qax rayon Polis Şöbəsindən (RPŞ) APA -nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, şöbə əməkdaşları rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin tutularaq istintaqa təhvil edilməsi istiqamətində əməliyyat-axtarış tədbiri keçirib.

Tədbir nəticəsində rayonun “Qax pavilyonu” adlanan ərazisində fəaliyyət göstərən çayxanada Qax şəhər sakini, 1989-cu il təvəllüdlü Saknelaşvili Qena Vasilyeviç şübhəli şəxs qismində saxlanılıb. Hal şahidlərinin iştirakı ilə onun üzərinə baxış zamanı 21 qram narkotik vasitə hesab olunan qurudulmuş marixuana aşkarlanaraq götürülüb. Qena Saknelaşvilinin ətrafında aparılan əməliyyat zamanı məlum olub ki, o, narkotik vasitəni 1972-ci il təvəllüdlü Qax şəhər sakini Vüqar Şövkət oğlu Rəhimovdan alıb. Əməliyyat nəticəsində saxlanılan Vüqar Rəhimovla aparılan ilkin istintaq zamanı məlum olub ki, o, narkotik vasitəni 1973-cü ildə Ağdam rayonunda anadan olan, hazırda Qax şəhəri peşə liseyinin yataqxanasında məskunlaşan məcburi köçkün Nizami Abdusəməd oğlu Qarayevdən alıb. Nizami Qarayevin yaşadığı ünvanda aparılan axtarışda isə 115 qram qurudulmuş marixuana aşkarlanaraq götürülüb. Əməliyyat nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan hər üç şəxs həbs edilib. Faktla bağlı Qax RPŞ-də cinayət işi başlayıb, araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR