Müsavatın Divan üzvü Nemət Kərimli: “Ellada Məmmədli Qadınlar Birliyinin sədri seçiləndən təşkilat iflic vəziyyətdədir”

Müsavatın Divan üzvü Nemət Kərimli: “Ellada Məmmədli Qadınlar Birliyinin sədri seçiləndən təşkilat iflic vəziyyətdədir”
# 06 mart 2015 14:37 (UTC +04:00)

Bakı. Etibar Məmmədov – APA. “Qubad İbadoğlunun tərəfdarlarının Müsavatda xüsusi bir fəaliyyəti olmayıb ki, partiyadan çıxanda da yerləri görünsün”. Bunu APA-ya açıqlamasında Müsavat Partiyasının Divan üzvü Nemət Kərimli deyib.

N. Kərimli bildirib ki, Müsavat başqanlığına sabiq namizəd Qubad İbadoğlunun rəhbərliyi ilə yaradılan Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının gələcəkdə partiyaya çevrilməsi Müsavatın elektoratına təsir göstərə bilməz: “Çünki ADR təxminən 18-19 rayon təşkilatının yarandığını elan edib. Orta hesabla həmin rayon təşkilatlarında da Müsavatdan ən çoxu 5-6 nəfər, bəzilərində isə 1-2 nəfər iştirak edir. Həmin göstəricilər isə Müsavatın rayon təşkilatının ümumi sayının 1 faizindən də aşağıdır. Belə olan halda ADR Hərəkatı partiyaya çevriləcəksə, Müsavat Partiyasından 0-a yaxın faizin ehtiva etdiyi rəqəmdə üzv ADR-ə qoşulacaq ki, onlar da hər hansı təsirə malik deyil. Digər tərəfdən, Qubad İbadoğlunun yanında olan şəxslərin Müsavatda xüsusi bir fəaliyyəti olmayıb ki, partiyadan çıxanda da yerləri görünsün. Qubad İbadoğluna Müsavat Partiyası öz qiymətini verdi. Bir zamanlar ona səs vermiş insanlar da sonralar ona dəstək olmadılar. Faktiki olaraq, Qubad İbadoğlu qurultayda 40 faiz səs almışdısa, ADR Hərəkatı yarananda müsavatçıların heç 2 faizi onun yanında deyildi. Bu da Müsavatın ona qarşı mövqeyini göstərir”.

N. Kərimli Müsavat Partiyası Qadınlar Birliyinin fəaliyyətinin araşdırılacağını söyləyib: “Ellada Məmmədli Qadınlar Təşkilatının sədri seçiləndən bəri təşkilat iflic vəziyyətdədir. Hər hansı fəaliyyətləri yoxdur. Belə davam edərsə, yəqin ki, Qadınlar Birliyinin fəaliyyəti partiya rəhbərliyində müzakirə olunacaq”.

N. Kərimli Müsavat Məclisinin üzvü, ADR Hərəkatı sədrinin birinci müavini Vurğun Əyyubun Məclis üzvlüyündən çıxarılacağını açıqlayıb: “Vurğun Əyyub dəfələrlə bəyan edib ki, özünü Məclis üzvü hesab etmir. Buna görə də onun adı növbəti iclasların birində Məclis üzvlüyü siyahısından çıxarılacaq”.

E. Məmmədli isə APA-ya açıqlamasında N. Kərimlinin fikirlərinə etiraz edib: “Təşkilatımızın fəaliyyəti barədə bizimlə birlikdə olan xanımlar danışa bilərlər. Nemət Kərimlinin fikirləri məni o qədər də maraqlandırmır. Çünki bir adam başqası haqqında danışmazdan əvvəl öz fəaliyyətinə nəzər yetirməlidir. Onların Qadın Birliyi haqqında danışmağa sözləri yoxdur. Sadəcə olaraq, o qrupdan olmadığım üçün mənə qarşı qərəzlərini ifadə edirlər”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR