DSMF I rübdə gəlirlərini 5,5% artırıb

DSMF I rübdə gəlirlərini 5,5% artırıb
# 13 aprel 2015 06:59 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev - APA-Economics. Azərbaycanın sığorta-pensiya sistemi 2015-ci ilin birinci rübünü uğurla başa vurub.

DSMF-nin İctimaiyyətlə əlaqələr sektorundan “APA-Economics”ə verilən məlumata görə, Dövlət Sosial Müdafiə Fondunun (DSMF) cari ilin yanvar-mart aylarında gəlirləri 751,5 mln. manat təşkil etməklə, əvvəlki ilin müvafiq dövrünə nisbətən 5,5% və ya 39 mln. manat artıb.

O cümlədən, sosial sığorta gəlirləri 8,7% artaraq 410 mln. manat təşkil edib. Bu daxilolmaların 65,7%-i və ya 270 mln. manatı qeyri-büdcə sektorunun payına düşüb ki, bu da əvvəlki ilin birinci rübünə nisbətən 12% və ya 29 mln. manat yuxarı olmaqla proqnozun 108,2% icra edildiyini göstərir.

Rüb ərzində fondun xərcləri 725,7 mln manat təşkil edib. Bu vəsaitin 98% və ya 713,7 mln. manatı əhaliyə ödənişlərə yönəldilib. Əhaliyə ödənişlərin 97,6%-ni pensiya ödəmələri təşkil edib. Fond üzrə ümumi daxilolmaların səviyyəsi pensiya və müavinətlərin qrafikdən əvvəl vaxtında maliyyələşdirilməsinə imkan verib. Əldə edilən maliyyə imkanları nəticəsində Novruz bayramı öncəsi pensiyaların maliyyələşdirilməsi mart ayının birinci yarısında yekunlaşdırılıb.

Ölkə üzrə əmək pensiyaçılarının sayı 1 yanvar 2015-ci il tarixinə 1 290,9 min nəfər olub və 1 aprel 2015-ci il tarixinə 2,3 min nəfər və ya 0,2% artaraq (o cümlədən yaşa görə 1,6 min nəfər azalıb, ailə başçısını itirməyə görə 0,5 min nəfər, əlilliyə görə isə 3,4 min nəfər artıb) 1 293,2 min nəfər təşkil edib.

2015-ci ilin yanvarın 1-dən bütün növ əmək pensiyalarının sığorta hissəsinə 1,4%-lik artım tətbiq olunub. Əmək pensiyalarının orta aylıq məbləği 2015-ci ilin birinci rübünün sonuna 175,1 manat olub. Ölkə üzrə yaşa görə əmək pensiyalarının orta aylıq məbləğinin əmək haqlarının orta aylıq məbləğinə nisbəti 44% təşkil edib ki, bu da Avropa Sosial Xartiyasının tələblərinə tam cavab verir.

Sığortaolunanların fərdi uçot sisteminin qurulması prosesində fərdi uçota alınanların sayı cari ilin birinci rübündə 2,2% artaraq 1 aprel 2015-ci il tarixə 3 041,8 min nəfərə çatıb.

2015-ci ilin birinci rübü ərzində Fondun həm öz saytı, həm də “elektron hökumət portalı” və “elektron ödəniş portalı” vasitəsilə əhaliyə təqdim etdiyi elektron xidmətlərdən ümumilikdə 530 minə yaxın istifadə sayı qeydə alınıb.

”Sosial sığorta haqlarının ödənişi və hesabatlılığı sahəsində avtomatlaşdırılma nəticəsində Azərbaycan “Doinq Business 2015” hesabatında 32 pillə irəliləyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR