Azərbaycanla Monteneqro İKT sektorunda əməkdaşlığı müzakirə edib

Azərbaycanla Monteneqro İKT sektorunda əməkdaşlığı müzakirə edib
# 20 may 2015 07:13 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev - APA-Economics. Rabitə və Yüksək Texnologiyalar Nazirliyində Monteneqronun elm naziri Sanja Vlahovicin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.

Nazirlikdən “APA-Economics”ə verilən məlumata görə, nazir müavini Elmir Vəlizadə ölkələrimiz arasında yüksək səviyyədə mövcud olan münasibətlərin İKT sahəsində də əməkdaşlıq üçün münbit imkanlar açdığını söyləyib.

E. Vəlizadə hazırda Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində iki tədqiqat qurumunun - Yüksək Texnologiyalar üzrə Tədqiqat Mərkəzinin və Milli Nüvə Tədqiqatları Mərkəzinin fəaliyyət göstərdiyi bildirilib. Nazir müavini ölkəmizdə “Elektron hökumət”in formalaşdırılması, elektron xidmətlərin inkişafı, kibertəhlükəsizlik kimi digər sahələrin diqqət mərkəzində olduğunu və qarşılıqlı əməkdaşlıq üçün imkanların olduğunu vurğulayıb. Yaradılmaqda olan yüksək texnologiyalar parklarının fəaliyyətinin dövlət tərəfindən dəstəkləndiyini, bu məqsədlə müvafiq güzəştlərin nəzərdə tutulduğunu deyən nazir müavini Monteneqro şirkətlərinin də bu imkanlardan istifadəsinin mümkünlüyünü bildirib.

Öz növbəsində, monteneqrolu nazir İKT sahəsində əlaqələrin daha da genişləndirilməsindən söz açıb. S. Vlahovic Monteneqroda həyata keçirilən fəaliyyətin Azərbaycan təcrübəsi ilə uzlaşdığını qeyd edib. O, elmi elmi-tədqiqat parklarının inkişafının, xüsusən biotexnologiyaların, kənd təsərrüfatı üzrə texnologiyaların, enerji resursları və neft sahəsi üzrə kadr hazırlığı məsələləri üzrə tədbirlər görüldüyünü və Azərbaycanla əməkdaşlığa maraq göstərdiklərini bildirib, qeyd olunan və digər mümkün sahələrin müzakirə edilməsi üçün forum və seminarların keçirilməsini təklif edib.

Tərəflər arasında münasibətlərin növbəti mərhələyə qədəm qoymasını diqqətə çatdıran S. Vlahovic səmərəli əməkdaşlığın qarşılıqlı maraq doğuran digər sahələrdə də uğurlu inkişaf üçün yeni imkanlar açacağını bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR