“Atletlər kəndi"ndə baş verən qəza ilə bağlı məhkəmə təxirə salınıb

“Atletlər kəndi"ndə baş verən qəza ilə bağlı məhkəmə təxirə salınıb
# 17 iyun 2016 09:10 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bakı Ağır Cinayətlər Məhkəməsində 2015-ci ildə Bakıda keçirilən Avropa Oyunları zamanı yaradılan "Atletlər kəndi"ndə baş verən yol-nəqliyyat hadisəsində təqsirləndirilən şəxslərin cinayət işi üzrə bu günə təyin olunan məhkəmə prosesi təxirə salınıb.

APA-nın məlumatına görə, buna səbəb təqsirləndirilən Hüseyn Salamovun vəkilinin prosesə gəlməməsi göstərilib.

Proses iyunun 24-də davam etdiriləcək.

Bu gün dövlət ittihamçısının təqsirləndirilən şəxslərə cəza istəyəcəyi gözlənilirdi.

Qeyd edək ki, ötən il iyunun 11-də, I Avropa Oyunlarının "Atletlərkəndi"nin nəqliyyat deposunda, "Bakubus" MMC-yə məxsus avtobus hərəkət zolağından çıxaraq piyadaları üçün səki ilə gedən Avstriyanın sinxron üzgüçülük üzrə yığma komandasının üzvləri Vanessa Sahinoviçə və Luna Paceri vurub.

Yol-nəqliyyat hadisəsində sürücü Vəli Əhmədov, Nəqliyyat Nazirliyinin (NN) Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin şöbə rəisi Hüseyn Salamov, "Təhlükəsiz şəhər" kamerasının operatoru Elçin Həsənov və NN-in Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin Sərnişindaşıma Departamentinin məsləhətçisi Fərid Əmiraslanov təqsirləndirilir.

V.Əhmədova qarşı Cinayət Məcəlləsinin 263.1-ci (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır və ya ağır zərər vurulmasına səbəb olduqda), H.Salmanov və E.Həsənova qarşı 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə), F.Əmiraslanova qarşı isə 314-cü (səhlənkarlıq) maddəsi ilə ittiham irəli sürülüb. Digərlərindən fərqli olaraq, F.Əmiraslanov barəsində həbs-qətimkan tədbiri seçilməyib. O, zaminə buraxılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR