Rusiya XİN nümayəndəsi: “Dini sahədə anlaşmanın olmaması böyük problemlər yarada bilər”

Rusiya XİN nümayəndəsi: “Dini sahədə anlaşmanın olmaması böyük problemlər yarada bilər”
# 18 may 2015 10:40 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. “Bu gün dünya əhalisinin 80 faizi özünü dindar hesab edir. Dini sahədə anlaşmanın olmaması böyük problemlər yarada bilər”.

APA-nın məlumatına görə, bunu bu gün Bakıda keçirilən III Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda “Mədəniyyəti ortaq təhlükəsizlik naminə paylaşaq: Müasir dövrdə yumşaq güc və müxtəlifliyin müsbət cəhətlərinə töhfələr” panelində çıxışı zamanı Rusiya Xarici İşlər Nazirliyinin BMT Sivilizasiyalar Alyansı ilə iş üzrə nümayəndəsi Konstantin Şuvalov söyləyib.

K. Şuvalov deyib ki, İraqda yezidilərə qarşı hücum narahatlıq doğurur, Suriyada baş verənlər isə böyük faciədir: “Siyasi maraqlarla yanaşı dini amillər də qarşıdurmalarda mühüm rol oynayır. Bu gün insanlar ekstremizmin başqa ölkələrə yayılmasından qorxurlar. Ona görə də dini liderlər müxtəlif dinlərin təmsilçiləri arasında anlaşmanı təmin etməyə çalışmalıdırlar”.

Rusiyalı diplomat bildirib ki, Bakıda dini liderlərin iştirakı ilə keçirilən sammitdə də iştirak edib və həmin tədbiri yüksək dəyərləndirib: “Çalışmalıyıq ki, bu və ya digər dinlərin təmsilçiləri fikirlərini ifadə etməyə imkan tapsınlar. Elmi və dini dairələr bu işə fəal şəkildə qoşulmalıdır. Dinlər və mədəniyyətlərarası dialoq bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Dini assosiasiyalar arasında birlik qurulmalıdır, belə olan halda sülh təmin edilmiş olar. Biz buna görə Rusiyada müxtəlif dinlərin təmsilçiləri ilə birgə görüşlər keçiririk. Burada dini liderin statusunu da qeyd etməliyik. Dini liderlərin rolu dinlər arasında anlaşmada mühümdür, o liderlərlə təmaslar sıx olmalıdır. Bəlkə də indiyə qədər buna xüsusi diqqət yetirilməyib, ona görə də “Əl-Qaidə” və digər terror təşkilatları dini amillərdən istifadə edə biliblər”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR