Naxçıvan Muxtar Respublikası Ali Məclisinə seçkilərin nəticələri təsdiqlənib

Naxçıvan Muxtar Respublikası Ali Məclisinə seçkilərin nəticələri təsdiqlənib
# 11 noyabr 2015 09:15 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Rəyasət Heyəti Naxçıvan Muxtar Respublikası Ali Məclisinə 2015-ci il noyabrın 1-də keçirilmiş 45 seçki dairəsi üzrə seçkilərin nəticələrini bütövlükdə təsdiq edib.

APA-nın məlumatına görə, qərarda qeyd edilib ki, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyası tərəfindən 5 noyabr 2015-ci il tarixdə 45 seçki dairəsinin və 316 məntəqə seçki komissiyasının 1 noyabr 2015-ci ildə tərtib edilmiş seçkilərin nəticələri haqqında protokolları, həmçinin seçkinin ümumi yekunlarının müəyyənləşdirilməsinə dair Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyasının 4 noyabr 2015-ci il tarixli nömrəli qərarı və protokolu təqdim edilib.

Seçkilərin ümumi yekunları haqqında təqdim edilmiş sənədlərdən məlum olub ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinə seçkilər üzrə 45 seçki dairəsindən passiv seçki hüququ olan 135 nəfər Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyası tərəfindən deputatlığa namizəd kimi qeydə alınıb. Seçki sənədləri yoxlanılarkən müəyyən edilib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinə seçkilərin keçirilməsi üçün yaradılmış 45 seçki dairəsini əhatə edən 316 seçki məntəqəsi üzrə aktiv seçki hüququ olan 268 min 463 seçici ümumi seçici siyahılarına daxil edilib, onlardan 205 min 166 nəfəri, yəni 76.4 faizi səsvermədə iştirak edib.

Seçki qutularında aşkar edilən 205165 bülletendən 203991 seçki bülleteni, yəni 99.4 faizi etibarlı, 1174 bülleten, yəni 0.6 faizi isə etibarsız hesab edilib. Məntəqələr üzrə seçki günü 9 ədəd korlanmış, 63 min 288 ədəd isə istifadə edilməmiş seçki bülletenləri məntəqə seçki komissiyaları tərəfindən ləğv edilib. Seçkilərin keçirilməsi zamanı aşkarlığı təmin etmək məqsədi ilə 1 nəfər beynəlxalq, 497 nəfər müxtəlif siyasi partiyaların müşahidəçiləri və 126 nəfər yerli müşahidəçilər seçkilərin gedişini izləyiblər.

Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyası tərəfindən təqdim olunmuş, həmçinin Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi tərəfindən tələb edilmiş sənədlərin, habelə cəlb olunmuş mütəxəssislərin arayışının təhlili göstərir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinə 45 seçki dairəsi üzrə keçirilmiş seçkilərin nəticələri barədə protokolları, Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyasının 4 noyabr 2015-ci il tarixli protokolu və onlara əlavə edilmiş sənədlər “Naxçıvan Muxtar Respublikası Ali Məclisinə seçkilər haqqında” Naxçıvan Muxtar Respublikası Qanununun tələblərinə cavab verir. Bunu nəzərə alaraq, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Rəyasət Heyəti Naxçıvan Muxtar Respublikası Ali Məclisinə seçkilərin yekunları təsdiq edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR