Elmar Məmmədyarov İran rabitə və kommunikasiya texnologiyaları naziri ilə görüşüb

Elmar Məmmədyarov İran rabitə və kommunikasiya texnologiyaları naziri ilə görüşüb
# 07 noyabr 2014 16:01 (UTC +04:00)

Bakı – APA. Xarici işlər naziri Elmar Məmmədyarov İran İslam Respublikasının rabitə və kommunikasiya texnologiyaları naziri Mahmud Vaezinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. XİN-in mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, E. Məmmədyarov iki ölkə arasında qarşılıqlı faydalı əməkdaşlığa əsaslanan əlaqələrin inkişafının vacibliyini qeyd edərək Azərbaycan və İran arasında olan dostluq və tərəfdaşlığın regional sülhə və tərəqqiyə xidmət etdiyini deyib.

M. Vaezi ölkəsinin qonşu dövlət kimi Azərbaycanla əlaqələrə xüsusi önəm verdiyini söyləyib. O, Azərbaycan prezidenti İlham Əliyevin Tehrana səfərinin əlaqələrin inkişafına xüsusi təkan verdiyini bildirib.

Regional məsələlər ətrafında aparılan fikir mübadiləsi əsnasında E. Məmmədyarov Ermənistanın Azərbaycana qarşı təcavüzünün regionun inkişafı üçün əsas təhdid mənbəyi olduğunu vurğulayıb. Dövlətlərin beynəlxalq səviyyədə tanınmış sərhədlərinin zor tətbiq edərək dəyişdirilməsinin BMT Nizamnaməsi və beynəlxalq hüquqa görə qəbuledilməz olduğunu deyən nazir münaqişənin həlli üçün ilk növbədə Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazilərindən çıxarılmalı olduğunu söyləyib.

M. Vaezi ölkəsinin Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini və qaçqın və məcburi köçkünlərin öz doğma torpaqlarına qayıtmalı olduğunu deyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR