Bakı-Nyu-York-Bakı aviareysi üzrə "Boeing 787-8 Dreamliner" ilə ilk uçuş həyata keçirilib

Bakı-Nyu-York-Bakı aviareysi üzrə "Boeing 787-8 Dreamliner" ilə ilk uçuş həyata keçirilib
# 11 noyabr 2015 09:41 (UTC +04:00)

Nyu-York. İlkin Əhmədov - APA-Economics. Noyabrın 7-də "Azərbaycan Hava Yolları" QSC (AZAL) Bakı-Nyu-York-Bakı müntəzəm aviareysləri üzrə uçuşları "Boeing 787-8 Dreamliner" tipli təyyarələrlə yerinə yetirilməsinə başlayıb.

"APA-Economics" xəbər verir ki, "Dreamliner"lə Bakıdan dünyanın maliyyə mərkəzinə uçan sərnişinlər sırasında KİV nümayəndələri də olub.

Media mənsublarını yola salmağa gələnlər arasında ABŞ-ın Azərbaycandakı səfirinin iqtisadi məsələlər üzrə müşaviri Karter Uilbor də var idi. Diplomat bildirib ki, "Boeing-787-8" müasir hava gəmilərindən biridir və ən son texniki yenilikləri özündə birləşdirir. "Yeni texnologiyaların tətbiqi sayəsində təyyarə ən yüksək təhlükəsizlik tələblərinə cavab verir və istismar üçün sərfəlidir. ABŞ səfirliyi AZAL-ı bu münasibətlə təbrik edir".

K. Uillbor əlavə edib ki, bu cür tədbirlər ikitərəfli iqtisadi-kommersiya əlaqələrinin inkişafının göstəricisidir, o cümlədən Azərbaycanda turizmin inkişafına böyük dəstək verəcək. Azərbaycan hökumətinin iqtisadiyyatın diversifikasiyasına böyük önəm verdiyi bildirən diplomat əlavə edib ki, ABŞ Azərbaycana iqtisadiyyatın diversifikasiyasında gördüyü işləri dəstəkləməyə hazırdır. O əlavə edib ki, birbaşa aviareysin açılması ikitərəfli biznes, turizm və digər sahələrdə əlaqələrin daha inkişaf etməsinə şərait yaradacaq.

Sərnişinlər də birbaşa aviareysin açılmasında olduqca məmnundur. Aviareyslərin "Dreamliner"lə yerinə yetirilməsi isə onların lap ürəyincədir. Sözügedən aviareyslə vətəninə qayıdan məşhur jurnalist Tomas Qolts deyir ki, Azərbaycana bundan öncə "Airbus" tipli təyyarə ilə uçub, geri dönəndə isə eşidib ki, "Dreamliner"in xidmətlərindən istifadə edəcək: "Olduqca rahat, təhlükəsiz, son texniki yenilikləri özündə birləşdirən bir hava gəmisində uçuruq. Bu cür hava gəmilərinə sahiblənmək yalnız prestij üçün edilmir. Bunu edənlər ilk növbədə sərnişinlərini düşünür. Çünki "Dreamliner" olduqca təhlükəsiz, komfortlu təyyarədir".

T. Qolts əlavə edib ki, birbaşa aviareysin açılması sərnişinləri vaxtı itkisindən xilas edir: "Mən bir çox ölkələrdə olmuşam. Üçüncü ölkə üzərindən uçmaq əsl cəhənnəmdir! Sərnişin gərək uçuşdan həzz alsın. Birbaşa reysdən istifadə etmədikdə, bundan məhrum olursan. Bakı-Nyu-York-Bakı reysi ilə uçduqda həm uçuşun birbaşa olması sənə zövq verir, həm də bu cür müasir laynerin olması".

Aviareyslə uçmaq istəyənlərin nəzərinə çatdıraq ki, sərnişinlərə 3 xidmət sinfi - Ekonom sinfi üzrə 157 yer, Biznes sinfi üzrə 35 yer və I sinif standartlarına cavab verən lüks sinfi üzrə isə 18 yer təklif olunacaq.

Təhlükəsizlik məsələlərinə gəldikdə, AZAL-ın "Boeing-787-8" tipli təyyarəsi artıq transatlantik test uçuşu həyata keçirib və bu xəttin istismarı üçün bütün zəruri icazələri alıb.

Bakı-Nyu-York-Bakı müntəzəm reysləri həftədə iki dəfə olmaqla bazar ertəsi və şənbə günləri yerinə yetirilir. Təyyarə Bakıdan səhər saat 06:00-da yola düşür və Con Kennedi hava limanına yerli vaxtla saat 09:30 çatır. Əks istiqamətdə uçuşlar elə həmin günlər saat 11:30 yerinə yetirilir.

Əlavə edək ki, AZAL səfər çərçivəsində KİV nümayəndələri üçün Nyu-Yorkda press-tur təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR