ANAMA mütəxəssisləri iraqlı həmkarlarına təlim keçəcəklər

ANAMA mütəxəssisləri iraqlı həmkarlarına təlim keçəcəklər
# 06 aprel 2015 13:34 (UTC +04:00)

Bakı. Ağa Cəfərli - APA. İraq Ətraf Mühit Nazirliyinin Mina İşləri İdarəsinin nümayəndə heyəti Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) Füzuli rayonunda yerləşən Horadiz bazasına səfər edib.

ANAMA-nın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, qonaqlara aparılan əməliyyatlar barədə məlumat verilib.

Onlar mexaniki vasitələr və minaaxtaran itlərin saxlanma şəraiti, habelə ANAMA-nın Göygöl Regional Təlim Bazasında minaaxtarma avadanlıqları və tədris imkanları ilə tanış olublar.

İraq nümayəndə heyəti həmçinin ANAMA-nın əsas ofisində olub, agentliyin direktor müavini Qəzənfər Əhmədovla görüşüblər. Əməliyyatlar və təlim imkanları mövzusunda müzakirələr, eyni zamanda ANAMA ilə İraq Respublikası Mina İşləri İdarəsi arasında əməkdaşlıq sahələrinə dair danışıqlar aparılıb.

Gələcəkdə ANAMA tərəfindən İraqın Ətraf Mühit Nazirliyinin Mina İşləri İdarəsinin heyətinə təlimlərin keçiriləcəyi gözlənilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR