Mərkəzi Qan Bankının rəhbəri: “Azərbaycan üçün 65 min qan donoru çox azdır” - VİDEO

Mərkəzi Qan Bankının rəhbəri: “Azərbaycan üçün 65 min qan donoru çox azdır” - <span style="color: red;">VİDEO
# 27 oktyabr 2014 16:40 (UTC +04:00)

Qan vermək insan üçün çox xeyirlidir. Bu zaman insanın donorluq qabiliyyəti Mərkəzi Qan Bankının həkim heyəti tərəfindən yoxlanılır. Əgər hər hansı insan qan verə bilməzsə, ona bu barədə məlumat verilir. Əgər insan 6 ay müddətində əməliyyat keçirməyibsə, şəkərli diabet xəstəsi deyilsə, o donorluq edə bilər. Onkoloji xəstələrə və hepatit xəstəliyi keçirmiş insanlara qan vermək olmaz, yalnız sağlam insanlar qan verməlidir”. Bu fikirləri APA TV-də efirə gedən “Sosium” verilişində Mərkəzi Qan Bankının müdiri Pərvanə Hacıyeva deyib.

Onun sözlərinə görə, qan verərkən insanda sümük iliyi yenilənir və yeni qan hüceyrələri yaranır: “Qan verməzdən 2 sutka öncə dərman qəbul etmək olmaz. Qan verdikdən keçən 56 gün müddətində donorun qanı tamamilə bərpa olunur. Lakin biz donorların sağlamlığı baxımından 3 aydan tez qan verməyi məsləhət görmürük. Həyati vacib olarsa donor 56 gündən sonra yenə qan verə bilər. Yüksək qan təzyiqi qan verdikdən sonra normallaşır”.

Pərvanə Hacıyeva 2013-cü ildə 65 min insanın donorluq etdiyini deyib: “Bu, 25 min litrə yaxın qan deməkdir. Mərkəzi Qan Bankında ay ərzində 3000-4000 donor qan verir. Bu donorlardan alınan qanlar xəstəxanalara, Talassemiya və Hemofiliya Mərkəzinə verilir. Ancaq tələbat bundan da çoxdur. Əsas tələbatımız talassemiyalı uşaqlarla bağlıdır. Ay ərzində talassemiyalı uşaqlara 1000-1200 eritrosit kütləsi verilir. Doğum evləri, cərrahiyə xəstəxanalarına da qan tələb olunur. Xəstənin ümumi vəziyyətindən və yaşından asılı olaraq elə talassemiyalı xəstələr var ki, ona ayda 5 dəfə qan vurulur, elələri də var ki, ayda 1 dəfə qan vurulur. Bu, həkimin təyinatından asılıdır. Talassemiyalı xəstələr qrip infeksiyası keçirdikdə onlarda qan göstəricisi aşağı düşür. Həmin ayda onlara 4 eritrosit kütləsi vurula bilər. Biz donordan götürdüyümüz qanı iki hissəyə bölürük – qırmızı qan hüceyrələri, yəni, eritrositar kütlə və ağ qan hüceyrələri, yəni plazma. Talassemiyalı xəstələrdə qırmızı qan hüceyrələri çatışmadığından biz qırmızı qan hüceyrələrini onlara veririk. Ağ qan hüceyrələrini - plazmanı isə qanaxmalara meylli olan hemofiliya xəstələrinə veririk. Plazmanın tərkibində hemofiliyalı xəstələrdə çatışmayan 7-ci və 8-ci faktorlar olduğundan o laxtalanmaya kömək edir”.

Mərkəzi Qan Bankının müdirinin sözlərinə görə, bəzi ölkələrdə plazma ehtiyatı çoxdur və bu ölkələrdə qırmızı qan hüceyrələrinə ehtiyac duyulmur: “Belə ölkələrdə donordan yalnız plazma alınır. Lakin bizdə plazma ehtiyatı kifayət qədərdir, lakin biz ayrılıqda plazma götürmürük.
Bizdə həm də ayrıca trombosit donorluğu da var. Əgər 2010-cu ildə 300 trombosit hazırlamışdıqsa, bu il bu rəqəm 1300-1400 olub. Bizdə trombosit donorluğuna tələbat ilbəil artır. Trombosit də laxtalanma faktorunu artıran komponentdir. Doğum evlərində yeni ana olan qadınlarda qanaxmalar zamanı, ümumiyyətlə qanaxması olan xəstələrə və uzun müddət kimyəvi terapiya alan onkoloji- hematoloji xəstələrə trombosit kütləsi köçürülür”.

Pərvanə Hacıyeva qan donorlarına edilən güzəştlər barədə də məlumat verib: “Donorlar qan verdikdən sonra Nazirlər Kabinetinin qərarına görə bizim verdiyimiz xüsusi arayışı əsasında bir gün ərzində işdən azad olunur. İldə 4 dəfə könüllü surətdə qan verən donorlarımızla bağlı qanun layihəsini 2017-ci ilə qədər Nazirlər Kabinetinə təqdim etməyi planlaşdırırıq. Bəzi ölkələrdə həmin donorlara pulsuz tibbi xidmət göstərilir. Lakin bizdə tibbi xidmət pulsuz olduğu üçün belə donorlar üçün başqa güzəştlər nəzərdə tutmuşuq”.

Pərvanə Hacıyeva ölkədə qana olan ehtiyacın tam ödənilmədiyini deyib: “Ramazan ayında insanlar oruc tutduqlarına görə qan verə bilmirlər. Oruc tutan insanlar qan verdikdə ürəkgetmələri olur deyə qan götürə bilmirik. Buna görə də həmin ayda Qan Bankında qan çatışmazlığı yaranır. Bu zaman biz qohum donorlardan istifadə edirik. Məsələn hər hansı xəstəxanada qan lazım olanda xəstənin yaxınlarından donor tapıb gətirmələrini istəyirik. Hər donor qanı 6-7 saata hazır olur. Donor qanı 4 infeksiyaya qarşı – Hepatit C, Hepatit B, sifilis və HİV-ə qarşı yoxlanılır. Əgər donorda hemoqlobin – qırmızı qan hüceyrəsi 120 q/l-dən aşağıdırsa, həmin qanı transfuziya etdiyimiz xəstədə də qan az qalxacaq. Amma biz çalışırıq ki, hemoqlobini aşağı olan insanlardan qan götürməyək ki, xəstədə nəticə yaxşı olsun. Hemoqlobin qadınlarda 110, kişilərdə 120-dən az olarsa, onlardan qan götürmək olmaz. 18 yaşından 65 yaşına qədər donorluq etmək olar. Lakin əgər insan ilk dəfə 60 yaşdan sonra qan verirsə, ondan qan götürmək olmaz. Çünki həyatı boyu qan verməyib, ilk dəfə 63, 65 yaşda qan verirsə, bu ona pis təsir edə bilər. Ona görə də biz 18-60 yaş arası hamıdan qan götürürük, lakin daim qan verən xəstələrdən 65 yaşa qədər qan götürürük”.

Mərkəzi Qan Bankının rəhbəri qanvermə aksiyaları barədə də məlumat verib: “Hər ilin əvvəlində Qan Bankı bütün nazirliklərlə, komitə və təşkilatlarla müqavilə bağlayır. Biz il ərzində elə planlaşdırırıq ki, boş vaxt olmasın, çünki talassemiyalı uşaqlar qanı gözləyə bilmir. Ona görə də bütün nazirliklər, eləcə də Səhiyyə Nazirliyi qanvermə aksiyaları təşkil edir. Məsələn, 2013-cü ildə 9 min səhiyyə işçisi qan vermişdi, 2014-cü ildə bu rəqəm 11 mini keçdi. Bütün nazirliklərdə, rayonlarda bizim briqadalarımız fəaliyyət göstərir. Müraciətlər də çoxdur. Hər il olduğu kimi bu il də Qafqaz Müsəlmanları İdarəsinin təşəbbüsü ilə məhərrəmlikdə, Aşura günü qanvermə aksiyası təşkil olunacaq. Keçən il Bakı şəhərinin 7 məscidində, rayonlarda isə 6 məsciddə qanvermə aksiyası keçirilmişdi. 2013-cü ildə təkcə Aşura günü respublika üzrə 4437 nəfər qan vermişdi. Bu il bu rəqəmin artacağını gözləyirik”.

Pərvanə Hacıyeva donordan alınan qanın maksimum 5 həftə saxlandığını deyib: “Qanın saxlanma müddəti 35 gündür. Donorlardan götürülən qan analiz olunur, infeksiyalı qanlar xüsusi şəraitdə yandırılır, infeksiyasız qanlar isə Mərkəzi Qan Bankında xüsusi soyuducu kameralarda müsbət 2-4 dərəcədə saxlanılır. Bu qanlar 35 gün müddətində yararlıdır. Bu müddət ərzində biz bu qanları xəstəxanalara veririk. Həmin vaxtda biz qohum donorlardan qan götürmürük, onları ehtiyat üçün saxlayırıq. Lakin yaxşı olardı ki, insanlar yalnız Aşura günü yox, həmişə qan verəydilər. Donordan götürülən qan içərisində saqm məhlulu olan torbalara yığılır. Bu məhlul qanın ömrünü uzadır. Torbada 100 qr. saqm məhlul olur, biz donordan 350 qram qan götürürük. Lakin bu rəqəm donorları qorxurtmamalıdır. Əgər donorda hemoqlobin göstəricisi 120 qr/l-dən aşağıdırsa, hətta 100 qram qan götürdükdən sonra onda ürəkgetmə ola bilər. Lakin xəstədə hər hansı hematoloji problem varsa, dəmir defisitli anemiya və ya aşağı hemoqlobin varsa, onların qanı 56 günə yox, bir az gec bərpa olunur. Amma qan mütləq gec-tez bərpa olunur. Əgər donorun qanında infeksiya aşkar olunarsa, bu qanı xəstəyə vermirik, donora isə problem barədə məlumat veririk. Donorluğun ziyanı barədə nə ədəbiyyatlarda, nə də praktikada heç bir məlumat yoxdur. Bu yalnız o halda ola bilər ki, donor özü də bilmədən hər hansı onkoloji xəstəliyi ola bilər, bu zaman qanvermə ona pis təsir edər. Orta yaş müddətində insanlarda verdikləri qan daha tez bərpa olunur. Hal-hazırda 65 min donorumuz var. Lakin 9 milyonluq əhali üçün bu, olduqca kiçik rəqəmdir. Təxminən 150 min insan donor ola bilər. 2005-ci ildə bu rəqəm 19 min nəfər təşkil edib”.

Mərkəzi Qan Bankının rəhbəri vətəndaşları qan verməkdən qorxmamağa çağırıb: “Bütün insanlar qan verməkdən qorxmasınlar. Bu, həm savab işdir, həm də insanın özü üçün faydalıdır. Çünki qana hamının, bizim hər birimizin və yaxınlarımızın ehtiyacı ola bilər”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR