Bakı. Şəhriyar Əlizadə - APA. İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri, hüquq müdafiəçisi Elçin Behbudov bir neçə gün əvvəl 3 saylı şəhər Klinik Xəstəxanasında baş vermiş ölüm faktı ilə bağlı araşdırma aparacaq.
Elçin Behbudovun APA-ya verdiyi məlumata görə, xəstəxanada ölən Şaiq Sadıqovun valideynləri komitəyə müraciət ediblər. Onlar müraciətlərində Ş. Sadıqovun Sabunçu rayon Polis İdarəsinin 12-ci Polis Bölməsində döyülərək öldürüldüyünü iddia ediblər: “Həmin məsələ ilə bağlı biz sentyabrın 30-da Sabunçu rayon Polis İdarəsində monitorinq aparacağıq” .
Qeyd edək ki, sentyabrın 26-dan 27-nə keçən gecə xəstəxanada əməliyyat olunan 1983-cü il təvəllüdlü Şaiq Sadıqov ölüb. Onun ailə üzvləri isə Ş. Sadıqovun hadisədən əvvəl 12-ci Polis Bölməsində olduğunu və orada döyülərək öldürüldüyün iddia edirlər.